ABŞ Maliyyə Nazirliyi və Dövlət Departamenti Vladimir Potaninə sanksiya tətbiq etdi
ABŞ Maliyyə Nazirliyi və Dövlət Departamenti Rusiyanın onlarla maliyyə institutuna, oliqarx Vladimir Potaninə, onun təşkilatlar şəbəkəsinə sanksiya tətbiq edib. Qadağalar Rusiya hökuməti ilə əlaqəli olan digər şəxslərə də şamil edilib.
AFN.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin rəsmi məlumatında deyilir. "XANİ Rusiyanın maliyyə xidmətləri sektoru ilə bağlı 18 qurumu sanksiyalar siyahısına əlavə edib", - sənəddə deyilir.
Bundan başqa, ABŞ Dövlət Departamenti tanınmış rusiyalı oliqarx Vladimir Potanini, onun təşkilatlar şəbəkəsini və Rusiya Federasiyasının hökuməti ilə əlaqəli olan 40-dan çox şəxsi məhdudiyyətlər siyahısına daxil edir.
Xüsusilə, 2022-ci ilin fevral ayından etibarən sanksiyalar altında olan Rusiyanın ikinci ən böyük bankı olan Rusiya VTB Bankının 17 törəmə şirkəti ABŞ Maliyyə Nazirliyinin qadağalar siyahısına daxil edilib. Bu maliyyə şirkətləri Rusiya Federasiyasının özündə, Böyük Britaniyada və Kiprdə qeydiyyatdan keçib.
Dövlət Departamenti Rusiyanın ən varlı iş adamlarından olan Vladimir Potaninə qarşı sanksiyalar tətbiq etməklə yanaşı, XANİ Rusiya hökuməti üçün əsas kredit təşkilatı rolunu oynayan "Rosbank" kommersiya bankınl da embarqolar siyahısına daxil edib. Həmçinin, Potaninə birbaşa aidiyyəti olan “İnterros” holdinqi, oliqarxın həyat yoldaşı və yetkinlik yaşına çatmış övladları da “qara siyahı”ya salınıb.
ABŞ Dövlət Departamentinin sanksiyalarına Rusiya Federasiyası baş nazirinin birinci müavini Andrey Belousov, baş nazirin müavinləri Dmitri Çernışenko, Sergey Franko, Oleq Belozerov, Aleksey Sazanov da məruz qalıb. Bundan əlavə, onlarla qubernator və yerli məmura və onların bəzi ailə üzvlərinə qarşı sanksiyalar tətbiq edilib.
"Qara siyahı"ya Ukraynanın Xarkov, Xerson və Donetsk vilayətlərində Rusiya Federasiyasının işğalçı orqanları tərəfindən təyin edilmiş şəxslərin adları da daxildir.
ABŞ Maliyyə Nazirliyi bəyan edib ki, hazırkı sanksiyalar paketi Ukraynaya qarşı təcavüzü fonunda Rusiyanı qlobal maliyyə sistemindən təcrid etmək məqsədi daşıyır.
M.Vahidli