Trampın Fed seçimi: Kevin Uorş kimdir və hansı siyasəti yürüdə bilər?
Tramp aşağı faiz dərəcələri və administrasiya ilə uyumlu fəaliyyət meyarlarını əsas götürərək Kevin Uorşu seçib. Bu namizədlik Fed-in mövcud balansı və institusional fəaliyyətində ciddi islahatların anonsu kimi qiymətləndirilir.
ABŞ Prezidenti Donald Tramp Mərkəzi Bankın (Fed) rəhbərliyinə Kevin Uorşun namizədliyini irəli sürüb. Özü də keçmiş Fed rəsmisi olan Uorş Senat tərəfindən təsdiqləndikdən sonra Cerom Pauelli əvəz edəcək. Trampın faiz dərəcələri ilə bağlı açıqlamalarını nəzərə alsaq, Uorşun namizədliyi ABŞ-da siyasət və maliyyə dünyası arasındakı münasibətlər baxımından mühüm nəticələr doğuracaq.
55 yaşlı Uorş Amerika maliyyə dairələri üçün yad sima deyil. Harvard və Stanford universitetlərində təhsil alan Uorş, özəl sektorda çalışdıqdan sonra Corc Buş administrasiyası dövründə Ağ Evdə iqtisadi siyasət üzrə xüsusi köməkçi vəzifəsində çalışıb. 2006–2011-ci illər ərzində Fed-in İdarə Heyətinin üzvü olan Uorş, o zaman 35 yaşında bu vəzifəyə gələrək Fed tarixinin ən gənc üzvlərindən biri kimi yadda qalmışdı.
Uorşun vəzifə müddətində Tramp ilə şəxsi əlaqələrinin hansı səviyyədə olacağı tənqid hədəfindədir. Xüsusilə, Şimali Karolinadan olan respublikaçı senator Tom Tillis hazırkı Fed sədri Cerom Pauell haqqında Ədliyyə Nazirliyinin apardığı araşdırma başa çatana qədər heç bir Fed namizədini dəstəkləməyəcəyini bəyan edib. Tillis Senatın Bank Komitəsinin üzvü olduğu üçün onun mövqeyi prosesin vaxtını uzada bilər.
Tramp niyə məhz Kevin Uorşu namizəd göstərdi?
Trampın Pauell əvəzinə Uorşu seçməsinin arxasında faiz dərəcələrini aşağı salmaq istəyi dayanır. Hesab olunur ki, faizlər mövzusunda Tramp və Uorş arasında fikir birliyi var. Uorş həmçinin Fed-in yenidən qurulmasının və Xəzinədarlıq ilə münasibətlərin yenidən nəzərdən keçirilməsinin tərəfdarıdır.
Uorş və Fed-in gələcəyi
Uorş Fed-in son illərdə həddindən artıq böyüdüyünü düşünür. O, Fed-in balansını kiçildərək daha "məhdud" bir struktura çevrilməsini və Xəzinədarlıq Departamenti ilə vəzifə bölgüsünün daha aydın olmasını tələb edir. Lakin maliyyə bazarlarında dalğalanma riskini azaltmaq üçün onun bu prosesi nəzarətli şəkildə həyata keçirəcəyi gözlənilir.
Nəticə etibarilə, Uorşun gəlişi Fed-də köklü dəyişikliklərin carçısı olacaq. Senat təsdiqi prosesində onun peşəkar təcrübəsindən çox, Tramp ilə olan siyasi bağlılığı əsas müzakirə mövzusu olacaq.
