Maqsud Şadayev: Xarici kəşfiyyatın Telegram-a çıxışı var



Rusiyanın Rəqəmsal İnkişaf naziri Maqsud Şadayev xarici kəşfiyyat xidmətlərinin "Telegram" messencerinə çıxış imkanının olduğunu bildirib.

Şadayev Rusiya parlamentinin aşağı palatası olan Dumada ölkədə son vaxtlar bloklanacağı iddia edilən "Telegram"la bağlı qiymətləndirmələr aparıb. Nazir vurğulayıb ki, "Telegram"a 150 mindən çox məzmunun bloklanması ilə bağlı tələb göndərilib, lakin sözügedən tələblər tətbiq tərəfindən cavabsız qalıb.

Şadayev Rusiyanın Federal İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət Xidmətinin (Roskomnadzor) qanunları pozduğu üçün "Telegram"ın sürətini məhdudlaşdırmaq barədə qərar qəbul etdiyinə diqqət çəkib:

"Qanunlarımıza görə, Rusiya ərazisində fəaliyyət göstərən messencer tətbiqi səsli zənglərin qeydlərini və mesajların məzmununu ölkə daxilində saxlamaq öhdəliyini yerinə yetirməlidir".

Rusiya ordusunun Ukraynadakı xüsusi hərbi əməliyyatda "Telegram"dan istifadə etdiyinə dair məlumatlar aldıqlarını qeyd edən Şadayev "Hazırda "Telegram"dakı yazışmalara xarici kəşfiyyat xidmətlərinin çıxışı olduğu barədə qurumlarımız tərəfindən təsdiqlənmiş bir çox məlumat var" deyib.

Şadayev xarici kəşfiyyat xidmətlərinin həmin məlumatlardan Rusiya ordusuna qarşı aparılan hərbi fəaliyyətlərdə istifadə etdiyini bildirib.

Qeyd edək ki, Rusiyanın ən populyar tətbiqlərindən olan "Telegram"a girişdə zaman-zaman problemlər yaşanır. Rusiya mətbuatında çıxan xəbərlərdə isə yaxın gələcəkdə tətbiqə tam giriş qadağasının gətiriləcəyi iddia olunur.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu