Əli Şamxani: Uranın zənginləşdirilməsini azaltmaq mümkündür
İran lideri Əli Xameneyinin müşaviri Əli Şamxani ölkəsinin uranın zənginləşdirilməsi fəaliyyətləri və ABŞ ilə mümkün danışıqlar barədə danışarkən “60 faiz səviyyəsində olan uranın zənginləşdirilməsi nisbətini 20 faizə endirmək mümkündür” deyib.
Şamxani “Hizbullah”a yaxınlığı ilə bilinən “Əl-Mayadin” televiziya kanalına açıqlamalar verib. Zənginləşdirilmiş uranın İran xaricinə çıxarılması üçün heç bir səbəb olmadığını qeyd edən Şamxani “Mürəkkəb mərhələlərə ehtiyac yoxdur. Əgər narahatdırlarsa, 60 faiz səviyyəsində olan uranın zənginləşdirilməsi dərəcəsini 20 faizə endirmək olar, lakin bunun qarşılığı ödənilməlidir”, - ifadələrini işlədib.
İrandakı zənginləşdirilmiş uran ehtiyatına toxunan Şamxani bildirib ki, zənginləşdirilmiş uran ehtiyatlarının miqdarı hələlik dəqiq məlum deyil, çünki bir hissəsi dağıntılar altında qalıb və onu çıxarmaq təhlükəli olduğu üçün hələlik bu istiqamətdə bir cəhd edilməyib.
İranın yalnız ABŞ ilə danışıqlar apardığını və müzakirə mövzusunun nüvə məsələsi olduğunu xatırladan Şamxani, ədalətli yanaşma və təhdidlərdən uzaq bir mühitdə razılığa gəlməyin mümkün olduğunu vurğulayıb.
ABŞ-ın mümkün İran hücumu ilə bağlı ehtimalları da dəyərləndirən müşavir, ölkəsinə qarşı hər hansı bir hücumun böyük böhrana çevriləcəyini qeyd edib.
Televiziya proqramına hərbi geyimdə qatılan Şamxani, hərbi cəhətdən hazır olmağın müharibəni qəbul etmək mənasına gəldiyini bildirərək “(Hərbi geyim) Bu, praktiki bir mesajdır. Biz hazırıq. Hər cür ssenariyə hazırıq. Əgər Amerika İrana hücum edərsə, biz də mütləq İsrailə hücum edəcəyik. Çünki İran bu iki dövləti ayrı varlıqlar kimi görmür” deyib.
Müharibə ehtimalına baxmayaraq diplomatiyaya üstünlük verdiklərini vurğulayan Şamxani, ağlabatan şərtlər daxilində və təhdid ehtiva etməyən təkliflərə açıq olduqlarını, bu sayədə mümkün fəlakətlərin qarşısının alına biləcəyini söyləyib.



