Niderland "Skyranger 30" zenit sistemlərinin sifarişini sürətləndirib
Niderland Müdafiə Nazirliyi ölkənin hava hücumundan müdafiə sistemini yeniləmək üçün dronlara qarşı potensialı əhəmiyyətli dərəcədə artıracağını və yeni mobil "Skyranger 30" zenit qurğularının sifarişinin sürətləndirildiyini açıqlayıb.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında məlumat verilib.
Bildirilir ki, 2028-ci ildə qoşunlara təhvil veriləcək "Skyranger 30" əsas strateji obyektlərin, o cümlədən Rotterdam limanı, hərbi bazalar və yeni yaradılan batalyon birləşmələrinin müdafiəsində istifadə olunacaq. Nazirlik həmçinin sürətlə artan dron hücumları təhlükəsini nəzərə alaraq əlavə mobil sistemləri öncədən alacaq ki, "Skyranger 30" istifadəyə verilənədək hava hücumundan müdafiə təmin edilsin.
Qeyd olunur ki, sistemlər zirehli maşınlar, uzaqdan idarə olunan silah modulları, sursatlar və idarəetmə vasitələrini əhatə edən anti-dron kompleksləridir. "Skyranger 30" istifadəyə verildikdən sonra mövcud komplekslər əlavə müdafiə təbəqəsi kimi fəaliyyət göstərəcək.
Niderland həmçinin patrul maşınları parkını artıracaq, portativ dron aşkarlama və neytrallaşdırma sistemlərini genişləndirəcək, eləcə də “interseptor” dronlar da daxil olmaqla yeni texnologiyalara investisiya qoyacaq.
Xüsusi olaraq qeyd edilir ki, Niderland donanmasının dronlardan qorunması da gücləndiriləcək; burada baraj tipli sursatlardan və yeni C-UAS dəniz kinetik kompleksindən istifadə planlaşdırılır. Layihənin dəyəri 250 milyon – 1 milyard avro arasında qiymətləndirilir.

