İsveçrə pilotsuz təyyarələrə qarşı müdafiə sistemləri alacaq
İsveçrə Müdafiə Nazirliyi öz qoşunlarını, hərbi infrastrukturunu və avadanlığının pilotsuz uçuş aparatlarından müdafiəsini gücləndirmək üçün müdafiə sistemləri almaq niyyətində olduğunu açıqlayıb.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, dron əleyhinə müdafiə sisteminin çöl sınaqları 2025-ci ilin yayında keçirilib. Bu nəticələrə əsasən İsveçrə ordusu Federal Silahlanma İdarəsi ilə anti-dron sistemlərinin satın alınması üçün müqavilə imzalayıb.
"Bu satınalma ilə ordu öz qoşunlarının, eləcə də öz infrastruktur və texnikasının mühafizəsini gücləndirir", - deyə nazirlik bildirib.
İsveçrənin Müdafiə Nazirliyi həmçinin qeyd edib ki, pilotsuz təyyarələrə qarşı müdafiə sistemləri qismən mobildir və bu sistemlərdən zəruri hallarda ordunun digər məqsədləri və tapşırıqları üçün, məsələn, mülki hakimiyyət orqanlarına dəstək əməliyyatları və ya sülhməramlılar üçün istifadə etməyə imkan verir.
Bir sıra Avropa ölkələri – Almaniya, Polşa, Finlandiya və Baltikyanı ölkələr “dron divar” sisteminin qurulmasında maraqlı olduqlarını bildiriblər. Layihənin 1-1,5 il ərzində başa çatdırılması planlaşdırılır. Bu barədə daha əvvəl Latviyanın baş naziri Evika Silina məlumat verib. Layihə hazırda inkişaf və model seçimi mərhələsindədir.

