Aİ “Dron Divarı” üçün istifadə olunacaq silahların siyahısını açıqlayıb
Avropa İttifaqı və NATO “Dron Divarı” layihəsi çərçivəsində pulemyotlar və “Patriot” zenit-raket komplekslərindən istifadə imkanlarını nəzərdən keçirirlər.
AFN.az xəbər verir ki, bu barədə Britaniyanın "The Times" qəzeti məlumat yayıb.
Məlumata görə, plan bir neçə səviyyəli radiolokasiya sistemlərinin və digər aşkarlama vasitələrinin – o cümlədən akustik sensorların – yerləşdirilməsini nəzərdə tutur. Layihədə pulemyotlarla yanaşı, yüksək güclü lazerlər və “Patriot” ZRK-larının da tətbiqi gözlənilir.
NATO Hərbi Komitəsinin rəhbəri Cuzeppe Kavo Draqone bildirib ki, alyans insidentsiz hava patrulundan tam hava müdafiəsinə keçidi “mümkün variant” kimi görür, lakin bu barədə yekun qərar üçün hələ tezdir.
Avropa Komissiyasının müdafiə və kosmos üzrə nümayəndəsi Andryus Kubilyus isə layihənin reallaşdırılmasının təxminən bir il çəkəcəyini qeyd edib.
“Dron Divarı” Almaniya, Polşa, Finlandiya və Baltik ölkələrinin təşəbbüsü ilə Rusiya sərhədləri boyunca çoxlaylı monitorinq və avtomatlaşdırılmış müdafiə sistemlərinin yerləşdirilməsini nəzərdə tutur. Layihə hazırda işlənmə və prototiplərin seçimi mərhələsindədir.

