AK ABŞ-a rüsumların ləğv edilməsini istədiyi malların siyahısını təqdim edəcək



Avropa Komissiyası (AK) ABŞ administrasiyasına Brüssel tərəfindən rüsumlardan azad edilmək üçün təklif olunan malların siyahısını göndərməyi planlaşdırır.

AFN.az xəbər verir ki, bu barədə "Politico" Avropa diplomatlarına istinadən məlumat yayıb.

Bildirilir ki, siyahı bu həftənin cümə günü yekunlaşdırılacaq və ABŞ-ın ticarət naziri Hovard Latnik və ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qrirə 24 noyabrda Aİ ölkələrinin nazirləri ilə keçiriləcək görüşdə təqdim olunacaq. Siyahıya tibbi avadanlıqlar, şərab, spirtli içkilər, pivə və makaron məmulatları daxildir. Bu kateqoriyalar iyul ayında ABŞ və Aİ arasında imzalanan ticarət sazişinə daxil deyil.

27 iyulda Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və ABŞ Prezidenti Donald Tramp razılığa gəliblər ki, Vaşinqton 1 avqustdan etibarən ABŞ-a idxal olunan Avropa məhsullarının təxminən 75 faizinə 15 faiz rüsum tətbiq edəcək. Bu qərar Ağ Evin Avropa idxalının tamamına 30 faizlik tarif tətbiq etmək hədəsinin qarşısını almışdı.

Razılaşmaya əsasən, Aİ ABŞ məhsullarına rüsum qoymayacaq və bunun əvəzində Avropaya bütün növ Rusiya enerji resurslarının idxalını tam qadağan edəcək. Həmçinin Aİ ABŞ-dan 750 milyard dollar dəyərində neft, qaz, nüvə avadanlığı və yanacaq alacağına, əlavə olaraq ABŞ iqtisadiyyatına 600 milyard dollar investisiya yatıracağına söz verib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu