Ərdoğan Zelenski ilə görüşdü
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ankaraya səfər edən Ukrayna dövlət başçısı Vladimir Zelenski ilə görüşüb.
AFN.az “Hürriyet”ə istinadən xəbər verir ki, prezident Ərdoğan qonağı Prezident Kompleksinin qarşısında rəsmi mərasimlə qarşılayıb. Liderlər əvvəlcə Türkiyə və Ukrayna bayraqlarının önündə xatirə fotosu çəkdiriblər.
Daha sonra iki ölkə rəhbərləri arasında qapalı görüş baş tutub. Görüşə həmçinin xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç da qatılıblar.
Görüşün gündəliyinin təhlükəsizlik, regional proseslər və ikitərəfli əməkdaşlıq məsələlərini əhatə etdiyi bildirilir.
Qeyd olunur ki, prezidentlər iş yeməyindən sonra birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaqlar.



