Sinqapurda 20 kərgədanın buynuzu ələ keçirildi
Cənub-Şərqi Asiyada ada dövləti Sinqapurda hava limanında ümumi dəyəri 800 min dollardan çox olan 20 kərgədanın buynuzu ələ keçirilib.
Sinqapur Changi Hava Limanında hava yük daşıyıcısı SATS Group 8 noyabr tarixində Laosun paytaxtı Vientiana göndərilən şübhəli bir göndəriş barədə xəbər verib.
Hüquq-mühafizə orqanlarının yoxlamasından sonra 35,7 kiloqram ağırlığında və ümumi dəyəri 800 min dollardan çox olan 20 kərgədanın buynuzu aşkar edilib.
Aparılan araşdırmalarda bu buynuzların Cənubi Afrikadan olan ağ kərgədanlara aid olduğu müəyyən edilib.
Axtarış zamanı sümük, diş və dırnaq kimi parçaların da daxil olduğu 150 kiloqram heyvan parçaları ələ keçirilib.
Sinqapur Milli Parklar İdarəsi sosial media hesabında açıqlama verərək bildirib ki, bu, Sinqapurda indiyə qədər ələ keçirilən ən böyük kərgədanın buynuzu hadisəsidir və 2022-ci ildəki 34,7 kiloqram rekordunu geridə qoyub.
Açıqlamada həmçinin qeyd olunub ki, Sinqapur nəsli kəsilməkdə olan vəhşi təbiət növlərinin və onların hissələrinin qanunsuz ticarətinə qarşı sıfır dözümlülük siyasəti aparır.
Nəsli Təhlükə Altında Olan Vəhşi Heyvan və Bitki Növlərinin Beynəlxalq Ticarətinə dair Konvensiya (CITES) çərçivəsində qorunan heyvanların Sinqapur vasitəsilə icazəsiz daşınması halında hər bir nümunə üçün 200 min Sinqapur dollarına (153 680 ABŞ dolları) qədər cərimə və 8 ilədək həbs cəzası tətbiq olunur.


