Cənubi koreyalı Perudan tarantula, qırxayaq və qarışqa qaçırmaq istədi, yaxalandı
Peru səlahiyyətliləri Cənubi Koreyadan olan bir nəfəri yüzlərlə tarantula, qırxayaq və güllə qarışqası ilə ölkəni tərk etməyə çalışdığı iddiası ilə hava limanında yaxalayıb.
Adı açıqlanmayan 28 yaşlı gənc noyabrın 8-də Perunun paytaxtı Limadakı Xorxe Çaves Beynəlxalq Hava Limanından təyyarəyə minərək ölkəsinə qayıtmaq istəyib. Lakin təhlükəsizlik yoxlamaları zamanı məmurlar onun qarnının şişdiyini görüblər və soyunmasını istəyiblər.
Perunun Milli Meşə və Vəhşi Təbiət Agentliyinin noyabrın 13-də verdiyi açıqlamaya görə, lent və kəmərlər vasitəsilə onlarla plastik qab kişinin bədəninə bağlanıbmış. Qablardan 35 yetkin tarantula, 285 bala tarantula, 110 qırxayaq və 9 güllə qarışqası çıxıb.
Səlahiyyətlilər tarantulaların nəsli kəsilmək təhlükəsi yüksək olan canlılar siyahısında olduğunu bildirir.
Fransa üzərindən Cənubi Koreyaya uçmağı planlaşdıran şəxs həbs edilib və ona qarşı cinayət işi açılıb. Tutulan heyvanların vəziyyəti ilə bağlı araşdırmalar davam edir.
Perunun Milli Meşə və Vəhşi Təbiət Agentliyindən Valter Silva, tutulan heyvanların milyon dollarlıq qlobal qeyri-qanuni vəhşi təbiət ticarətinin bir hissəsi olduğunu bildirib.
Silva, ekzotik heyvanların kolleksiyaçılar və ənənəvi tibb üçün yüksək tələbat olduğunu və bu cür ticarətin xüsusilə Miladdan əvvəl artdığını deyib. Tarantula kimi uzun ömürlü heyvanların kolleksiyaçılar üçün dəyərli "investisiya" olaraq görüldüyü, qırxayaqların isə ənənəvi tibb araşdırmalarında istifadə edildiyi bildirilir.
Birləşmiş Millətlər Təşkilatının 6 illik hesabatına görə, qeyri-qanuni vəhşi təbiət ticarəti 4000-dən çox heyvan və bitki növünə təsir göstərir və illik dövriyyəsi təxminən 30-43 milyard dollar təşkil edir.