BBC-də Tramp böhranı: Baş direktor və xəbər rəhbəri istefa verdi
Keçən il yayımlanan sənədli filmdə Trampın çıxışından hissələri kəsib birləşdirən BBC-də istefa böhranı yaşanır. Məsələ ilə bağlı hazırlanan daxili hesabat Britaniyanın The Telegraph qəzetinə sızdırılıb. Artan təzyiqlərin ardından Baş direktor Tim Deyvi və xəbərlər departamentinin rəhbəri Debora Törness istefa ediblər.
İki yüksək vəzifəli rəhbərin istefa səbəbi isə ötən il yayımlanan “Tramp: İkinci bir şans?” adlı sənədli filmdir.
Sənədli film ABŞ prezident seçkilərindən bir həftə əvvəl yayımlanmışdı.
2021-ci ildə Konqresə hücumdan əvvəl Donald Trampın çıxışındakı bəzi hissələr kəsilərək birləşdirilmişdi. Bu montaj nəticəsində Trampın tərəfdarlarına “Konqresə yürüyün və mübarizə aparın” mesajını verdiyi təəssüratı yaranmışdı.
Əsl çıxışda yer alan “dinc şəkildə etiraz etmək” ifadələri isə BBC-nin montaj olunmuş sənədli filmində çıxarılmışdı.
Tim Deyvi və Debora Törnessın istefasına səbəb olan proses, məsələ ilə bağlı daxili hesabatın The Telegraph qəzetinə sızdırılması ilə başlayıb.
Bu hadisədən sonra BBC üzərindəki təzyiqlər artıb və istefalar baş verib.
Tim Deyvi bildirib ki, bəzi səhvlər edilib və baş direktor kimi bütün məsuliyyəti üzərinə götürmək məcburiyyətindədir.
ABŞ Prezidenti Donald Tramp da baş verənlərdən sonra deyib ki, bunlar prezident seçkilərinin nəticələrinə təsir etməyə çalışan çox qeyri-dürüst insanlardır.
O, jurnalistləri ifşa etdiyinə görə The Telegraph-a təşəkkür edib.
BBC-nin Trampdan üzr istəməsi gözlənilir.

