Artan temperatur dünyada hər dəqiqə bir insanın ölümünə səbəb olur


Qlobal istiləşmə nəticəsində dünyada hər dəqiqə bir insan həyatını itirir. İqlim böhranının sağlamlığa təsiri ilə bağlı indiyədək hazırlanmış ən genişmiqyaslı hesabat milyonlarla insanın hələ də fosil yanacaqlardan asılılıq səbəbindən həyatını itirdiyini ortaya qoyub.

London Universitet Kolleci (UCL) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə hazırladığı 2025-ci il “Lancet Countdown İqlim və Sağlamlıq Hesabatı” fosil yanacaq istifadəsinin təkcə qlobal istiləşməni deyil, eyni zamanda zəhərli hava çirkliliyini, meşə yanğınlarını və denq qızdırması kimi xəstəliklərin yayılmasını artırdığını göstərir.

UCL-dən Dr. Marina Romanello bildirib ki, bu hesabat dünyanın hər yerində insan həyatını və dolanışığını məhv edən dağıdıcı mənzərəni açıq şəkildə göstərir.

İstiliklə bağlı ölümlər 23 faiz artıb

Araşdırmaya görə, 1990-cı illərdən bəri istiliklə əlaqəli ölümlər 23 faiz artıb. 2012–2021 illəri arasında hər il orta hesabla 546 min insan həddindən artıq istilik səbəbindən ölüb. Bu da hər dəqiqə bir ölüm deməkdir.

Avstraliyanın Sidney Universitetindən professor Ollie Jay deyib ki, istilik stresi hər kəsə təsir göstərə və ölümcül ola bilər: "Çoxları bunun fərqində deyil, amma istiliklə bağlı hər ölüm əslində qarşısı alına bilən hadisədir”.

Fosil yanacaqlara rekord səviyyədə dəstək

Hesabata görə, 2023-cü ildə hökumətlər fosil yanacaq şirkətlərinə gündə 2,5 milyard dollar birbaşa subsidiyalar ayırıblar. Elə həmin il yüksək temperatur səbəbindən kənd təsərrüfatı və tikinti kimi sahələrdə əmək məhsuldarlığının azalması da eyni miqdarda iqtisadi itkiyə gətirib çıxarıb.

Ümumilikdə 2023-cü ildə dünyada 956 milyard dollar fosil yanacaq dəstəyi verilib — bu məbləğ 2024-cü ildə keçirilən COP29 sammitində iqlim dəyişikliyindən ən çox təsirlənən ölkələr üçün nəzərdə tutulan 300 milyard dollarlıq öhdəliyin üç qatından çoxdur.

Qida və dolanışıq böhranı dərinləşir

Quraqlıq və istilik dalğaları kənd təsərrüfatı məhsullarına və heyvandarlığa mənfi təsir göstərib. 2023-cü ildə 123 milyon nəfər daha qida çatışmazlığı ilə üzləşib. 2024-cü ildə isə artan istilik və yanğınlar nəticəsində 154 min nəfər tüstü ilə bağlı səbəblərdən həyatını itirib.

Sağlam gələcək mümkündür, amma…

Dr. Romanello xəbərdarlıq edib ki, əgər fosil yanacaq maliyyələşdirilməsini davam etdirsək, sağlam gələcək mümkün olmayacaq.

O, təmiz enerjinin, şəhərlərin iqlimə uyğunlaşdırılmasının və daha dayanıqlı qidalanma vərdişlərinin həllin əsas hissəsi olduğunu vurğulayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu