Məhkəmə Qəddafinin oğlu Hannibalı girov müqabilində azadlığa buraxır
Livan məhkəməsi Liviyanın mərhum lideri Müəmmər Qəddafinin (1942-2011) oğlu Hannibal Qəddafinin 11 milyon dollar girov müqabilində azadlığa buraxılmasına qərar verib.
AFN.az-ın xarici mediaya istinadən xəbərinə görə, oğul Qəddafinin vəkili jurnalistlərə bildirib ki, müstəntiq oktyabrın 17-də Ədliyyə Sarayında dindirildikdən sonra bu qərarı verib.
Qəddafinin 50 yaşlı oğlu 2015-ci ildən Livanda həbsdədir. O, siyasi mühacirətdə yaşadığı qonşu Suriyadan Amal silahlıları tərəfindən oğurlanıb və sonra Livanın hüquq-mühafizə orqanlarına təhvil verilib. 2017-ci ildə müttəhim 1978-ci ildə Liviyada yoxa çıxan şiə imamı Musa Sədr haqqında məlumatları gizlətməkdə ittiham olunub.
Hannibal Qəddafinin vəkilləri müvəkkilinin 10 ildir həbsdə olduğunu nəzərə alaraq, məhkəmənin müəyyən etdiyi girov məbləğinə etiraz etmək niyyətində olduqlarını açıqlayıblar. “Qəddafi oğurlanıb, onun şəxsiyyətini təsdiq edən sənədlər yoxdur və 10 ildir ki, İmam Sədr məsələsində onun günahını sübut edən heç bir fakt tapılmayıb” - deyə vəkillər bildirirlər.
“Əl Nahar” qəzetinin məlumatına görə, şiə ruhani Musa Sədr 1969-cu il 1 sentyabr inqilabının ildönümünü qeyd etmək üçün 1978-ci il avqustun sonlarında Liviyaya dəvət olunub. O, Tripolidən Romaya uçmalı idi və burada Papa ilə görüşməli idi. Lakin polkovnik Qəddafi ilə görüşdən sonra imam və onun iki yoldaşı yoxa çıxıb.
Versiyalardan birinə görə, polkovniklə imam arasında İslamla bağlı qızğın müzakirə yaranıb və guya Qəddafi onu tapança ilə vurub. Başqa bir versiyaya görə, Musa Sədr və onun yoldaşları - ilahiyyatçı Məhəmməd Yakub və publisist Abbas Bədrəddin həbs edilib.
Livanlı model Aline Skaf ilə evli olan Hannibal Qəddafinin hakimiyyəti dövründə ölkənin neft ixracına nəzarət edirdi. 2011-ci ildə atasının öldürülməsindən sonra o, anası Səfiyə, bacısı Aişə və ögey qardaşı Məhəmmədlə münaqişənin davam etdiyi Liviyadan qaçaraq qonşu Əlcəzairə getməyi bacarıb.





