Banqladeşdə Nobel mükafatı laureatının xaricə çıxması qadağan edilib


Banqladeş Ali Məhkəməsi əmək qanunlarını pozmaqda günahlandırılan Nobel mükafatlı bankir və iqtisad professoru Məhəmməd Yunus və onun 3 həmkarının məhkəmə icazəsi olmadan xaricə səfərlərini qadağan edən qərar çıxarıb.


Ali Məhkəmənin bu qərarı əmək qanunvericiliyinin pozulması ilə bağlı işlərdə Yunusun 6 aylıq həbs cəzasının təxirə salınması və girov müqabilində azadlığa buraxılması barədə başqa məhkəmənin qərarına etirazlar edildikdən sonra qəbul edilib.

Qeyri-kommersiya şirkəti "Grameen Telecom"a rəhbərlik edən 83 yaşlı Yunus uzun müddətdir vergidən yayınma iddiaları da daxil olmaqla, azı 168 məhkəmə iddiası ilə üzləşib.

1983-cü ildə “Grameen Bank”ı yaradan və banklardan kredit ala bilməyən kiçik sahibkarlara bu imkanı verən Yunus 2006-cı ildə sosial və iqtisadi inkişaf yolunda göstərdiyi səylərə görə Nobel Sülh Mükafatına layiq görülüb.

2008-ci ildə Yunusa qarşı bir sıra araşdırmalar açılıb.

Məhəmməd Yunus 2011-ci ildə "Grameen Bank"ın fəaliyyətinin araşdırılmasından sonra hökumətin pensiya qaydalarını pozduğu səbəbilə bank meneceri vəzifəsindən uzaqlaşdırılıb.

2013-cü ildə xaricdə qonorar, konfrans çıxışları və aldığı mükafatlara görə vergidən yayınmaqda ittiham olunan Yunus “Grameen Telecom” və “Grameen Phone” adı ilə qurduğu şirkətlərlə bağlı da bir çox ittihamlarla üzləşib.

Bundan əlavə, Yunus 2023-cü il avqustun 22-də əmək qanunvericiliyini pozduğu iddiası ilə hakim qarşısına çıxarılıb.

Yanvar ayında Banqladeşdə Əmək Məhkəməsi Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusu ölkənin əmək qanunvericiliyini pozduğuna görə 6 ay həbs cəzasına məhkum edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu