Avropa Məhkəməsi ev heyvanlarını “baqaj” kimi təsnif etdi
Avropa Ədalət Məhkəməsi qərar verib ki, təyyarə səfərlərində ev heyvanları “baqaj” kimi qəbul edilə bilər və hava yolları şirkətləri itirilən heyvanlara görə məhdud məsuliyyət daşıyır.
Mərkəzi Lüksemburqda yerləşən və Avropa İttifaqının (Aİ) ən ali hüquqi orqanı sayılan Avropa Ədalət Məhkəməsi bu qərarı Buenos-Ayresdən Barselonaya həyata keçirilən bir uçuş zamanı itkin düşən itlə bağlı məhkəmə işi üzrə elan edib.
Məhkəmənin qərarında qeyd olunub ki, hava nəqliyyatı baxımından ev heyvanı “baqaj” anlayışına daxildir və ev heyvanının itməsi nəticəsində yaranan zərərin ödənilməsi baqajla bağlı məsuliyyət qaydalarına tabedir.
Hadisə 2019-cu ildə “İberia Hava Yolları” şirkətinə məxsus reys zamanı baş verib. Sərnişin öz itini qəfəsdə hava yolu şirkətinə təhvil verib. Lakin heyvan təyyarəyə daşınarkən qaçaraq yoxa çıxıb və sonradan tapılmayıb.
Bu hadisədən sonra sərnişin şirkətə qarşı İspaniyada məhkəməyə müraciət edərək 5 min avro məbləğində mənəvi təzminat tələb edib. İspaniya məhkəməsi isə işə Avropa Ədalət Məhkəməsində baxılması üçün müraciət göndərib.


