AK cərimələdi, Aİ Məhkəməsi ləğv etdi

Lüksemburqda yerləşən Avropa Ədalət Məhkəməsi Avropa Komissiyasının (AK) bazarda hökmranlıq mövqeyindən sui-istifadə etdiyinə görə "Intel" korporasiyasına qarşı tətbiq etdiyi 1,1 milyard dollar cəriməni ləğv edib.
“Avropa Ədalət Məhkəməsi Avropa Komissiyasının hakim bazar mövqeyindən sui-istifadə etdiyinə görə Intel-ə 1,06 milyard avro məbləğində cərimə tətbiq etmək barədə qərarını ləğv edən Baş Məhkəmənin qərarını qüvvədə saxlayır”, - deyə məhkəmənin bəyanatında deyilir. Bildirilir ki, AK şirkətin dominant mövqeyindən sui-istifadə etdiyinə dair tutarlı sübutlar təqdim edə bilməyib.
AK 2009-cu ildə satışları artırmaq üçün qeyri-qanuni endirimlər təqdim etdiyinə görə Intel-i 1,1 milyard dollar cərimələyib. Şirkət 2017-ci ildə verilən apellyasiya şikayətindən sonra bu cəriməni ləğv edə bilib. Ancaq 2022-ci ildə Avropa Komissiyası ümumi məhkəmənin qərarından apellyasiya şikayəti verib və Lüksemburqdakı Avropa Məhkəməsinə müraciət edib.
Avqust ayında itkilər və iş yerlərinin ixtisarı elan edildikdən sonra "Intel" səhmləri 20% ucuzlaşıb. Şirkətin gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 1% azalaraq 12,8 milyard dollar təşkil edib. Şirkəti dəstəkləmək üçün ABŞ hakimiyyəti ilin sonuna kimi korporasiya ilə 8,5 milyard dollarlıq birbaşa maliyyələşdirmənin ayrılması şərtləri ilə bağlı razılaşmalar əldə etmək niyyətindədir.