BMT: 2025-ci il üçün nəzərdə tutulan humanitar yardımların cəmi 21 faizi toplanıb
Birləşmiş Millətlər Təşkilatı (BMT) bildirib ki, 2025-ci ildə qlobal humanitar ehtiyacların qarşılanması üçün tələb olunan 45,3 milyard dollarlıq vəsaitin sentyabr ayının sonuna qədər cəmi 21 faizi, yəni 9,6 milyard dolları toplanıb.
BMT baş katibinin müavini Farhan Haq gündəlik mətbuat brifinqində qeyd edib ki, ilin başında elan olunan yardım çağırışına baxmayaraq, hədəflənən məbləğin dörddə birindən azı təmin edilib.
Haq deyib ki, ilin sonuna üç aydan az qalmasına baxmayaraq, 2025-ci ildə qlobal humanitar ehtiyacların maliyyələşməsi kritik səviyyədədir.
Onun sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə toplanan vəsaitin həcmi 40 faizdən çox azalıb. Bu isə milyonlarla insan üçün ağır nəticələr doğurur – bir çoxu səhiyyə xidmətlərindən, ailələr qidadan, uşaqlar isə təhsildən məhrum qalır.
Haq bildirib ki, maliyyə çatışmazlığı səbəbindən bu il Əfqanıstanda 420-dən çox tibb müəssisəsi bağlanıb. Somalidə avqustda 1,1 milyon nəfərə göstərilən ərzaq yardımı noyabrda 350 min nəfərə enəcək. Banqladeşdə isə yarım milyon arakanlı müsəlman uşağın təhsilə çıxışı itirilib.
BMT rəsmisi beynəlxalq ictimaiyyəti humanitar yardımların artırılmasına çağırıb.


