AK Macarıstan nümayəndələrini Aİ institutlarına casusluqda şübhəli sayır
Avropa Komissiyası Macarıstanın xüsusi xidmətlərini Avropa İttifaqı institutlarına qarşı casusluqda şübhəli sayır və daxili istintaq aparmaq üçün xüsusi qrup yaradıb.
AFN.az xəbər verir ki, bu barədə Komissiyanın nümayəndəsi Balazs Uyvari Brüsseldə keçirilən brifinqdə bildirib.
O qeyd edib: “Avropa Komissiyası bu iddiaları çox ciddi qəbul edir. Bu məlumatlarla bağlı daxili istintaq aparmaq üçün qrupun yaradılması qərara alınıb”.
Balazs Uyvari mövzu ilə bağlı əlavə şərh verməkdən imtina edib.
Bu ittiham bir sıra Avropa KİV-lərinin, o cümlədən Belçikada nəşr olunan hollanddilli “De Tijd” qəzetinin məqalələrinə əsaslanır. Məqalələrdə iddia olunur ki, Macarıstan xüsusi xidmətləri Brüsseldə casus şəbəkəsi yaradaraq Aİ institutlarında kəşfiyyat fəaliyyəti aparır və öz agentlərini yerləşdirir.
Həmçinin qeyd edilir ki, Macarıstan xüsusi xidmət orqanlarının əməkdaşları diplomatik örtük altında Brüsseldə fəaliyyət göstərir və Aİ institutlarının işçiləri ilə əlaqə quraraq onları cəlb etməyə çalışırlar. Azı bir agentin Avropa Komissiyasının təhlükəsizlik xidmətinə yerləşdirildiyi iddia olunur.
Qeyd edək ki, Macarıstan Aİ ölkəsi kimi institutlarda rəsmi vəzifələrdə işləyəcək vətəndaşlarını göndərmək üçün kvotaya malikdir.

