KİV: ABŞ Ukraynaya ATACMS raketlərindən istifadəni məhdudlaşdırıb


ABŞ Müdafiə Nazirliyinin Ukraynanın ABŞ istehsalı olan uzaqmənzilli raket sistemlərindən Rusiya ərazilərinə qarşı istifadə etməsinə mane olduğu, yekun qərarın isə Müdafiə naziri Pit Heqsetə buraxıldığı iddia olunub.

Wall Street Journal qəzetinin adını açıqlamadığı rəsmilərə istinadən verdiyi məlumata görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bu məsələ ilə bağlı gizli təsdiq proseduru həyata keçirib.

Rəsmilər bildirib ki, nazirlik yazdan bəri Ukraynanın ABŞ istehsalı olan uzaqmənzilli Quru Taktiki Raket Sistemlərindən (ATACMS) Rusiya ərazilərində istifadə etməsinə imkan verməyib.

Məlumata görə, Pentaqonun Müdafiə Siyasəti üzrə müavini Elbric Kolbi Ukraynanın ATACMS raketlərindən və ABŞ kəşfiyyatına və ya onun hissələrinə bağlı Avropa sistemlərindən istifadə tələblərini qiymətləndirmək üçün xüsusi bir icmal mexanizmi yaradıb. Rəsmilər əlavə ediblər ki, bu müddətdə Ukrayna ən azı bir dəfə raketlərdən Rusiya ərazisində istifadə üçün müraciət edib, lakin bu tələb rədd edilib.

Onların sözlərinə görə, Ukraynanın ATACMS raketlərindən istifadə imkanını məhdudlaşdıran bu qərarın yekun təsdiqi Heqsetə aiddir.

ABŞ Prezidenti Donald Tramp isə sabiq prezident Co Baydenin Ukraynaya yalnız özünü müdafiə etməsi üçün silah verdiyini bildirərək belə şərh edib: “İşğalçı bir ölkəyə hücum etmədən müharibəni qazanmaq mümkünsüz olmasa da, çox çətindir. Bu, idman dünyasında möhtəşəm müdafiəyə sahib, lakin hücuma icazə verilməyən bir komanda kimidir. Qazanmaq şansı yoxdur. Ukrayna ilə Rusiya arasında vəziyyət də məhz belədir”.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu