Robert Fiko ABŞ-ın sülh təşəbbüsünü tənqid etdi

Slovakiyanın baş naziri Robert Fiko ABŞ prezidenti Donald Trampın Aİ-yə Ukraynada sülhə gedən yolu göstərməsindən təəssüfləndiyini bildirib.
Hökumət başçısı bu barədə Aİ liderlərinin videokonfransından sonra Facebookda yayımlanan videomüraciətində qeyd edib.
“Təəssüf edirəm ki, biz Aİ-də Donald Trampın siyasi səhnəyə çıxmasını gözləməli olduq ki, o, bizə sülhə gedən yolu göstərə bilsin”, - Fiko bildirib. O əlavə edib ki, ərazi dəyişikliyi məsələsi müzakirə olunmadan Ukraynada nizamlanma üzrə danışıqlar irəli getməyəcək.
“Müharibənin dayandırılması şərtləri üzrə danışıqlar bizim təsəvvür etdiyimiz kimi irəliləməyəcəyi təqdirdə Rusiya Federasiyasına qarşı əlavə sanksiyaların qəbuluna da şübhə ilə yanaşıram”, - deyə baş nazir əlavə edib. O, tezliklə sülhün tərəfdarı olduğunu, Ukraynanın Aİ-yə daxil olmaq planlarının həyata keçirilməsini dəstəklədiyini, lakin NATO-ya qəbul olunmasının əleyhinə olduğunu vurğulayıb.
“Münaqişə hərbi yolla həll edilə bilməz və Rusiya Federasiyası olan nüvə dövləti adi müharibədə məğlub edilə bilməz”, - Fiko bildirib.
Baş nazir Slovakiyanın qonşusu olan Ukrayna ilə normal münasibətlərdə maraqlıdır. “Ona görə də mən Ukrayna hökumətinin Slovakiya və Ukrayna Nazirlər Kabinetinin növbəti birgə iclasını keçirmək istəyini çox müsbət şəkildə qəbul edirəm. Biz bu görüşün yeri və tarixini axtarmağa başlayırıq”, - deyə Fiko əlavə edib.