ABŞ-da “buynuzlu dovşan” virusu

ABŞ-ın Kolorado ştatında bəzi vəhşi dovşanlar başlarında buynuza bənzər çıxıntılarla görüntülənib. Bu hal cottontail dovşanı papillomavirusu adlanan virusun səbəb olduğu dəri çıxıntılarından qaynaqlanır.
ABŞ Kolorado Parklar və Yabanı Təbiət Departamenti (CPW) bildirib ki, infeksiya adətən dovşanın baş nahiyəsində qara düyünlər şəklində əmələ gəlir, zamanla uzanaraq buynuz formasına düşür. Virus adətən dovşanların həyatını təhdid etmir, lakin yemək və su qəbulunu əngəlləyəcək ölçüyə çatarsa, təhlükəli ola bilər.
Hadisə şahidlərindən biri gördüyü dovşanı belə təsvir edib: “Ağzının ətrafında qara çubuqlar çıxmışdı və dovşan qışı keçirib, növbəti il yenidən göründükdə çıxıntılar böyümüşdü".
Virus yalnız dovşanlara yoluxa bilir, lakin açıq havada yaşayan ev dovşanları da yoluxa bilər. Ev dovşanlarında xəstəlik daha ağır keçir və baytar müdaxiləsi tələb olunur.
CPW virusa yoluxmuş dovşanların müalicə edilə bilmədiyini, lakin əksərinin zamanla sağaldığını, bu səbəbdən yalnız qidalanması mümkün olmayan heyvanların yuxuya verilməsinin (eutanasia) tövsiyə edildiyini açıqlayıb. Rəsmilər həmçinin yoluxmuş dovşanlara toxunmamaq barədə xəbərdarlıq ediblər.