ABŞ administrasiyasında Rusiya və Ukrayna üzrə ekspert çatışmazlığı var - KİV

ABŞ prezidenti Donald Trampın administrasiyası yüksək vəzifəli məmurlar arasında Rusiya və Ukrayna üzrə ekspert çatışmazlığı yaşayır.
AFN.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti ABŞ-ın Bolqarıstandakı keçmiş səfiri Erik Rubinə istinadən yazıb.
“Əminliklə demək olar ki, Trampın qərar qəbul edənlər arasında Rusiya və Ukrayna üzrə ekspert olan bir dənə də müşaviri yoxdur” - deyə Erik Rubin bildirib.
Qəzet qeyd edir ki, ABŞ hakimiyyəti Moskva ilə danışıqları prezidentin xarici siyasətdə o qədər də təcrübəsi olmayan xüsusi nümayəndəsi Stiven Vitkoffa həvalə edib, region üzrə ekspertlər isə vəzifələrindən uzaqlaşdırılıb. Qəzet hesab edir ki, bu vəziyyət Trampın kadr siyasətində işçilərin iş təcrübəsinə deyil, sadiqliyinə üstünlük verməsi ilə bağlıdır.
“Financial Times”ın hesablamalarına görə, Ağ Ev rəhbərinin Rusiya prezidenti Vladimir Putinlə avqustun 15-nə planlaşdırılan görüşündə Amerika tərəfdən Rusiya üzrə ekspertlərin iştirak etməsi ehtimalı azdır.