İlham Əliyev Ərdoğana zəng etdi

Avqustun 9-da Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Telefon söhbətində Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub.
Prezident İlham Əliyev ABŞ-yə səfəri çərçivəsində imzalanan sənədlər, xüsusilə Azərbaycan və Ermənistan liderlərinin ABŞ Prezidentinin şahidliyi ilə imzaladığı bəyanat, iki ölkə arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin paraflanması, həmçinin ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciətin əhəmiyyətini vurğulayıb.
Dövlət başçısı, həmçinin, ABŞ Prezidenti Donald Trampın prosesdəki xüsusi rolunu qeyd edib və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz nəqliyyat əlaqəsinin yaradılmasının bütün regiona fayda verəcəyinə əmin olduğunu bildirib.
Prezident İlham Əliyev normallaşma prosesində Prezident Ərdoğanın və Türkiyənin rolunu yüksək qiymətləndirərək təşəkkürünü ifadə edib.
Rəcəb Tayyib Ərdoğan isə regionda sülh gündəliyini irəli aparmaqda göstərdiyi liderliyə görə İlham Əliyevi təbrik edib və Türkiyənin sülh və sabitlik istiqamətindəki dəstəyini bir daha bəyan edib.
Söhbət zamanı həmçinin, Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına başlanmasının enerji təhlükəsizliyi və sosial rifah baxımından əhəmiyyətinə toxunulub, ikitərəfli əlaqələrin perspektivləri müzakirə edilib.