AİHM: MH17-nin vurulmasına görə Rusiya məsuliyyət daşıyır


Fransanın Strasburq şəhərində yerləşən Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ildə Malayziya Hava Yollarına məxsus sərnişin təyyarəsinin Ukraynada vurulması və həmin il Ukraynanın şərqində baş verən insan hüquqları pozuntularına görə Rusiyanı təqsirli sayıb.



AİHM-də Niderland və Ukraynanın Rusiyaya qarşı etdiyi üç fərqli müraciət üzrə birgə iclas keçirilib.



Məhkəmə qərarında 2014-cü ildə Malayziya Hava Yollarına məxsus təyyarənin Ukraynada vurulması və həmin ilin ərzində Donbas bölgəsində yaşanan insan hüquqları pozuntuları səbəbilə Rusiyanın məsuliyyət daşıdığı qeyd olunub.



AİHM Rusiyanı aşağıdakı cinayətlərə görə məsul tutub:



– Döyüş olmayan şəraitdə ukraynalı mülki və hərbçilərin öldürülməsi,

– İşgəncələr verilməsi,

– Mülki əhalinin qanunsuz şəkildə köçürülməsi,

– Dağıntı, talan və mülkləri zorla ələ keçirməsi.



Məhkəmə həmçinin Moskva hökumətindən tələb edib ki, Rusiyanın nəzarətində olan Ukrayna ərazilərində və ya Rusiya qüvvələri tərəfindən işğal edilmiş bölgələrdə saxlanılan bütün şəxslər azad edilsin və Ukraynadan Rusiyaya aparılan uşaqların müəyyənləşdirilməsi üçün beynəlxalq müstəqil mexanizmin yaradılmasına dair əməkdaşlıq həyata keçirilsin.



Bu qərar AİHM-in 17 hakiminin təmsil olunduğu Böyük Palata tərəfindən qəbul edilib.



Xatırladaq ki, 2014-cü ildə Malayziya Hava Yollarının MH17 reysi ilə Amsterdam–Kuala Lumpur marşrutu üzrə hərəkət edən sərnişin təyyarəsi Ukrayna üzərində vurulmuşdu. Bu məsələ ilə bağlı Niderlandın, həmçinin 2014-cü ilin mart ayından etibarən Ukraynanın Donbas bölgəsində ukraynalı mülki şəxslərə qarşı həyata keçirilən qanunsuz hərbi hücumlar, edam və işgəncələrlə bağlı müraciətləri AİHM tərəfindən 2023-cü ilin yanvarında qismən qəbul edilmişdi.



Qeyd edək ki, Ukrayna 2022-ci ilin fevralında başlayan Rusiya–Ukrayna müharibəsinə dair də AİHM-ə ayrıca müraciət edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu