Hindistanda körpü uçdu: 9 nəfər öldü

Hindistanın Qucərat ştatında bir körpünün çökməsi nəticəsində 9 nəfərin həyatını itirdiyi, 6 nəfərin yaralandığı bildirilib.
Hindustan Times qəzetinin xəbərinə görə, ştatın Vadodara və Anand bölgələrini birləşdirən 900 metr uzunluğundakı körpünün iki dayağı arasındakı hissə çöküb.
Rəsmi şəxslər bildiriblər ki, hadisə zamanı körpüdən keçən 2 yük maşını və 2 pikap çaya düşüb.
Xilasetmə qrupları dərhal hadisə yerinə gedib. İlkin məlumatlara əsasən 9 nəfərin həlak olduğu, 6 nəfərin yaralandığı qeyd olunub.
Qucərat ştatının daxili işlər naziri Harş Sanqhavi açıqlamasında hadisə yerinə yüksək vəzifəli heyətin göndərildiyini və ştat baş naziri Bhupendra Patelin məsələni yaxından izlədiyini bildirib.
Baş nazir Patel isə bildirib ki, 1985-ci ildə tikilmiş körpünün müntəzəm təmir-baxımı aparılıb və qəzanın səbəbləri dəqiq araşdırılacaq.