Trampın Rusiyaya sanksiyaları yeniləməməsi ilə bağlı araşdırmalar başlayır

ABŞ-ın Demokrat senatorları prezident Donald Tramp administrasiyasının Rusiya müdafiə-sənaye kompleksinə qarşı yeni sanksiyalar tətbiq etməməsi ilə bağlı araşdırma aparacaqlarını bildiriblər.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Senatın üzvləri – Cin Şahin (Nyu-Hempşir), Elizabet Uorren (Massaçusets) və Kris Kuns (Delaver) hesab edirlər ki, Tramp Ukraynaya yardımın azaldılması və Rusiya üzərində təzyiqlərin zəiflədilməsi ilə buraxılmış fürsətə yol verib. Onlar qeyd ediblər ki, məsələ ilə bağlı araşdırma aparılacaq, lakin detallar açıqlanmayıb.
Senatorların açıqlamasında deyilir: “Prezident Trampın Ukraynaya əsas yardımın dayandırılması ilə yanaşı, sanksiyaların və ixrac məhdudiyyətlərinin yenilənməsini beş aydır ki, bloklaması Çində və digər ölkələrdə Rusiyaya dəstəyin artmasına səbəb olub.”
ABŞ dövlət katibi Marko Rubio sanksiyaların ləğv olunmadığını bildirsə də, senatorlar hesab edir ki, məhdudiyyətlərin icrası və yenilənməsi təmin edilməzsə, sanksiyalar təsirini itirəcək.
"The New York Times" qəzetində dərc olunan məqaləyə əsasən, Trampın prezidentliyindən sonra Rusiyaya qarşı yeni sanksiyalar tətbiq olunmayıb, bəzən isə məhdudiyyətlər yumşaldılıb. Bu səbəbdən bəzi gizli şirkətlər Rusiyaya kompüter çipləri və hərbi təyinatlı avadanlıqlar göndərməyə davam ediblər.