İranda icazəsiz PUA uçuranlara həbs cəzası veriləcək

İran Milli Məclisi icazə almadan hərbi ərazilərdə və təhlükəsizlik zonalarında pilotsuz uçuş aparatları (PUA) uçuranlara həbs cəzası nəzərdə tutan qanun layihəsini qəbul edib.
İran Dövlət Televiziyasının məlumatına görə, məclis həbs cəzasını əhatə edən yeni tənzimləməni təsdiqləyib.
Yeni qanuna əsasən, mülki PUA-larla xəritələşdirmə, görüntüləmə və məlumat toplama fəaliyyətləri üçün Baş Qərargahdan icazə alınması məcburidir.
Həmçinin, PUA-nın alqı-satqısı və daşınması üçün rəsmi mülkiyyət sənədi tələb olunacaq. Sənədi olmayan vasitələrə əl qoyulacaq və sahibləri həbs cəzası ilə üzləşə biləcək.
Hərbi, polis və təhlükəsizlik zonalarında icazəsiz PUA uçuranlar həbs cəzasına məhkum ediləcək, müharibə və ya fövqəladə təhlükəsizlik vəziyyətlərində cəza daha da ağırlaşdırılacaq.
PUA-ların casusluq, terror və ya hərbi məqsədlərlə istifadə edilməsi halında isə təqsirlilər ən ağır cəzalarla üzləşəcəklər.
Qanun layihəsinin qüvvəyə minməsi üçün İran Konstitusiyasını Müdafiə Şurasının təsdiqi tələb olunur.