ABŞ və Çin Böyük Britaniyada ticarət danışıqlarını yekunlaşdırıb

ABŞ və Çin nümayəndələrinin Böyük Britaniyada ticarət danışıqları başa çatıb
AFN.az xəbər verir ki, bu barədə “Reuters” adı açıqlanmayan amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Bildirilir ki, danışıqlarda Çin tərəfini baş nazirin müavini He Lifeng təmsil edib. Amerika nümayəndə heyətinə maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Lutnik və ABŞ-ın ticarət nümayəndəsi Jamison Greer daxildir.
Çin və ABŞ arasında ticarət-iqtisadi məsləhətləşmələr mexanizmi mayın 10-11-də Cenevrədə keçirilən danışıqlardan sonra yaradılıb. Həmin görüşdə Pekin və Vaşinqton may ayına qədər məbləği 100%-dən çox olan qarşılıqlı rüsumları qismən azaltmaq barədə razılığa gəliblər.
İyunun 5-də Çin prezidenti Si Cinpin və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub. Onlar mümkün qədər tez bir zamanda ticarət-iqtisadi danışıqların yeni raundunun keçirilməsi barədə razılığa gəliblər.