Qurbanlıq heyvanların satış və kəsim ünvanları açıqlandı

Qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il ölkə üzrə 126 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq.
AFN.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, bunlardan 70-də həm kəsim, həm satış, 29-da yalnız satış, 27-də isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq.
Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq baytarlıq nəzarəti altında kəsim və satış həyata keçiriləcək. Həmçinin müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun qurbanlıq ətinin çatdırılması təmin olunacaq. Bununla bağlı satış şəbəkələri əlavə məlumat təqdim edəcək.
Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün qeyd edilən xidmətlərdən istifadə edə bilərlər.
Qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz:
https://afsa.gov.az/az/qurban-bayrami-2025