18-ci sanksiyalar paketində dondurulmuş aktivlərdən istifadə müzakirə edilmir

Avropa İttifaqı ölkələri Rusiyaya qarşı 18-ci sanksiyalar paketi çərçivəsində dondurulmuş Rusiya aktivlərindən istifadə imkanını müzakirə etmir.
AFN.az xəbər verir ki, bu barədə Brüsseldə keçirilən mətbuat konfransında Avropa Komissiyasının rəsmi nümayəndəsi Paula Pinyo bildirib.
“Avropa Komissiyasının sədri artıq 18-ci sanksiya paketi çərçivəsində müzakirə olunan bəzi elementləri elan edib və dondurulmuş aktivlər onların arasında olmayıb”, - deyə o, jurnalistlərin müvafiq sualını cavablandırarkən qeyd edib.
Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirmişdi ki, Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketi üzərində işləyir. Bu paket neftlə bağlı tədbirləri, qiymət tavanının aşağı salınmasını və kölgə donanmasına qarşı yeni məhdudiyyətləri özündə əks etdirəcək.
Aİ ölkələri bu həftə 17-ci sanksiya paketini təsdiqləyərək, 17 fiziki və 58 qurumu, habelə Rusiya neft və neft məhsullarını daşıyan 189 tankeri qara siyahıya salıb. Bu addım Aİ-nin qiymət tavanı tətbiq etmək cəhdlərinə qarşı cavab tədbiri kimi qiymətləndirilir.