Aİ ölkələri Rusiyaya qarşı yeni sanksiyalarla bağlı razılığa gəliblər
Avropa İttifaqına (Aİ) üzv ölkələr Rusiyaya qarşı 11-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.
Avropa Birliyi Dövr Başçılığı İsveç dövləti rəsmi sosial media hesabından "Bu gün AB ölkələrinin səfirləri Rusiyaya qarşı 11-ci sanksiya paketi ilə bağlı razılığa gəliblər" ifadələrini paylaşıb. Bildirilib ki, paket sanksiyalardan yayınmağa və siyahıya alınacaq şəxslərə qarşı tədbirləri əhatə edib.
Avropa Komissiyasının sədri Ursula Von der Leyen 11-ci sanksiya paketilə bağlı siyasi razılaşmanı alqışlayıb.
Sanksiyaların əlavə ixrac məhdudiyyətləri ilə Rusiya prezidenti Vladimir Putinin “döyüş maşını”na daha bir zərbə vuracağını bildirən Von der Leyen, Kremlə dəstək verən qurumların da hədəf alındığını qeyd edib.
Von der Leyen, mövcud sanksiyalardakı boşluqları bağlayaraq Rusiyanın məhdudlaşdırıcı tədbirlər çərçivəsində məhsullara çıxışının qarşısını alacaqlarını açıqlayıb. Yeni sanksiyalar paketinin bütün təfərrüatları hələlik paylaşılmayıb.
Aİ-nin Rusiyaya qarşı hazırladığı 11-ci sanksiya paketi mövcud sanksiyaların pozulmasının qarşısının alınması və sanksiyalardakı boşluqların doldurulmasına yönəlib.
Paket Rusiyaya göndərilməsi qadağan olunmuş məhsulların siyahısını genişləndirir, bu məhsulların üçüncü ölkələrdən keçməsinin qarşısını alan elementləri, habelə sanksiyalardan yayınma ilə mübarizə üçün yeni alət yaradır.
Qeyd edək ki, Aİ indiyədək Rusiyaya qarşı 10 sanksiya paketi tətbiq edib.
Bu çərçivədə Rusiyaya ticarət, maliyyə, enerji, o cümlədən neft və kömür, sənaye, texnologiya, nəqliyyat, ikili və dəbdəbəli mallar və qızılla bağlı geniş məhdudiyyətlər tətbiq edilib. Mindən çox insanın və 200-dən çox qurumun aktivləri dondurulub.