NATO: Avropa Ukrayna böhranı zamanı ABŞ-dan 265 milyard dollar dəyərində silah sifariş edib

Ukraynada tammiqyaslı böhran başlayandan bəri ABŞ-ın silah satışı 600 faiz artıb, Avropa ölkələrindən gələn sifarişlərin həcmi isə 265 milyard dollara çatıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Müttəfiq Qüvvələrin Avropadakı Ali Baş Komandanı, ABŞ generalı Kristofer Kavoli bildirib.
O qeyd edib ki, müttəfiqlər üçün müxtəlif silah sistemlərinin uyğunluğunu təmin etməyin ən asan yolu onları ABŞ-dan almaqdır. "Bunun ən asan yolu Amerika silahları almaqdır. Beləliklə, bu münaqişə zamanı sifarişlər, FMS ("Foreign Military Sales" - red.) altında sifarişlərin dəyəri, yəni müttəfiqlərimizdən Amerika silahlarını almaq üçün verilən sifarişlər 600 faiz artıb", - deyə o, Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə deyib.
General əlavə edib ki, hazırda 265 milyard dollar dəyərində 4000 müraciət var: "Bunlar silah istehsalçısı kimi ABŞ-dan alış-veriş etmək üçün növbəyə duran Avropa ölkələridir".