Rusiya və Ukrayna arasında hərbi əsirlər dəyişdirilib
Rusiya və Ukrayna hərbi əsirlərin mübadiləsini aparıblar.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, aparılan danışıqlar prosesi nəticəsində 150 rusiyalı hərbçi Kiyev rejiminin nəzarətində olan ərazidən geri qaytarılıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 150 hərbi əsiri təhvil verilib.
“Hazırda bütün Rusiya hərbçiləri Belarus Respublikası ərazisindədirlər, onlara lazımi psixoloji və tibbi yardım göstərilir, həmçinin qohumları ilə əlaqə saxlamaq imkanı verilir”, - məlumatda deyilir.
Nazirlik bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri Rusiya hərbçilərinin əsirlikdən qaytarılması zamanı humanitar vasitəçilik səyləri göstərib.
Bu, Rusiya ilə Ukrayna arasında 2025-ci ildə məlum olan ikinci məhbus mübadiləsidir.