Hakan Fidan: Türkiyə Suriyadakı nizamlanmaya töhfə verməyə hazırdır
Türkiyə qonşu ölkədəki vəziyyətə hər hansı kənar müdaxiləni yanlış hesab etməklə yanaşı, Suriyadakı nizamlanma prosesinə öz töhfəsini verməyə hazırdır.
AFN.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada iranlı həmkarı Abbas Əraqçi ilə danışıqlardan sonra bildirib.
“Son hadisələr bir daha göstərir ki, Dəməşq öz xalqı və qanuni müxalifəti ilə barışmalıdır. Türkiyə bu istiqamətdə bütün lazımi səyləri etməyə hazırdır. Qarşıdakı dövrdə Astana prosesi çərçivəsində mühüm işlər gördüyümüz İranla fəaliyyətimizi koordinasiya etməyə davam edəcəyik. Biz hər zaman Suriyanın ərazi bütövlüyü və birliyinin tərəfdarı olmuşuq və bundan sonra da bunu davam etdirəcəyik”, - deyə Türkiyə XİN rəhbəri bildirib.
O qeyd edib ki, hazırkı mərhələdə Suriyadakı gərginliyi xarici müdaxilə ilə izah etməyə çalışmaq düzgün deyil və bunu Suriya həqiqətlərini anlamaq istəməyənlərin aldanması adlandırıb. “Hazırda Suriyada döyüşlərin yenidən alovlanmasının səbəbi bu ölkənin bir-biri ilə əlaqəli problemlərinin 13 ildən artıqdır ki, həll edilməməsidir”, - deyə Fidan əlavə edib.
Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri onu da qeyd edib ki, Ankara bölgədə fəaliyyət göstərən terror təşkilatlarının vəziyyətdən sui-istifadə etməsinə imkan verməyəcək: “Bizim strukturlarımız Suriyadakı vəziyyəti gecə-gündüz izləyir və yarana biləcək problemlərin qarşısını almaq üçün lazımi tədbirlər görür”.