Polis ailədağıdan deyil: stereotip, yoxsa qanun qadağası?
Yazını realda baş vermiş və özümün də bilavasitə iştirak etdiyim bir hekayə üzərində qurmaq istəyirəm. Əslində indi oxuyacağınız bu hekayədə bəzi nüanslar məni çox düşündürüb və yaranmış suallara cavab axtarmışam. Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan Nümayəndəliyinin media nümayəndələri və blogerlərin iştirakı ilə “Mediada gender həssaslığının artırılması” mövzusunda təşkil etdiyi təlim zamanı bu suallar bir daha aktuallıq qazandı.
Bir neçə il əvvəl rayonda qonşu olduğumuz qız mənə zəng vurdu ki, yoldaşım məni döyüb, atamgilə getmək istədim, əmimlə analığım (anası gənc yaşında dünyasını dəyişmişdi, atası isə uzaq bir rayonda işləyirdi) dedi ki, ər adamı döyər, bundan ötrü niyə küsüb gəlirsən ki? "Evinə, yuvana sahib çıx. Mən artıq dözə bilmirəm, nə edim, özümü öldürəcəm, canım qurtarsın bu zülümdən. Hər dəfə o məni döyəndə əmimgil belə deyir, bir neçə dəfə də polisə şikayət etdim, hərə bir tərəfdən üstümə düşdü ki, ərini tutduracaqsan, ayıb deyilmi eldən-obadan? Elə polislər də barışmağımızı təklif etdilər, yoldaşımla danışdılar, ona bir də mənə əl qaldırsa, onu həbs edəcəklərini söylədilər. Mən də şikayətimi geri götürdüm. Bu dəfə isə vəziyyət başqadır, yoldaşım məni çox pis döydü".
Qız fotolarını mənə göndərdi, dəhşətə gəldim. İlahi, insanı da (qadını yox ha!) bu cür döyərlərmi? Səbirənin (ad şərtidir) bədənində salamat yer yox idi. Bu durum mənə çox pis təsir etdi. Ona dərhal gedib məhkəmə həkimindən kağız almasını və polisə müraciət etməsini tapşırdım. Daha sonra boşanma üçün məhkəməyə ərizə yazdıq. Səbirəyə vəkillə məsləhətləşib bir sonrakı qanuni addımları başa saldım. Polis yoldaşını şöbəyə apardı, orada ona olacaqları başa saldılar, Səbirəyə isə bildirdilər ki, hansı qərarı versə, yanındayıq.
Məhkəmə günü gəldi, əmi ilə analıq yenə düşdülər Səbirənin üstünə ki, boşanıb neyniyəcəksən, 2 uşağın var, nə ilə baxacaqsan-filan. Zəng etdim, onlarla da danışdım, bir az da qorxutdum ki, o evdə Səbirənin başına bir iş gəlsə, cavabdeh siz olacaqsız.
Nə isə, sonuncu məhkəmədən əvvəl əri Səbirənin ayaqlarına düşüb yalvardı ki, onu bağışlasın, bir də ona əlini qaldırmayacaq. Səbirə ailəsini qorumaq üçün daha bir şans verdi ona. Artıq aradan 3 ildən də çox vaxt keçib. Bu müddətdə əri Səbirəyə nəinki əl qaldırmayıb, heç üstünə belə qışqırmayıb.
Təbii ki, buna bənzər hekayələrin heç də hamısının sonluğu belə xoşbəxt bitmir. Əri tərəfindən döyülən, təhqir edilən xanımlar var ki, ata-anasının, qohumlarının təhriki ilə yenidən ər evinə qayıdıblar və çox təəssüflər olsun ki, bəzən o evdən meyitləri çıxıb: ya ərləri tərəfindən öldürülüblər, ya da dözməyib intihar ediblər...
Bu kimi hekayələrdə diqqəti cəlb edən məqamlardan biri də polisin davranışıdır. Adətən hansısa bir xanım özündə güc toplayıb ərindən polisə şikayət edəndə, polis bir növ barışdırıcı mövqe tutur. Maraqlıdır, bu, nədən irəli gəlir: cəmiyyətdə polisin ailədağıdan imicinin yaranacağı stereotipindən, yoxsa qanunvericilikdəki qadağalardan?
“Polis haqqında” Qanunda daha çox ailənin qorunması məsələsi ziddiyyət yaradır – Mehriban Zeynalova
Bu mövzuda fikirlərini aldığımız “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, ölkədə belə bir stereotip var ki, digərinin ailə işlərinə qarışmaq ailənin dağılmasına və zorakılığın artmasına gətirib çıxarar: “Polis haqqında” Qanunda daha çox ailənin qorunması məsələsi, barışıq kimi məqamın olması ziddiyyət yaradır. Bu vəziyyət ölkəmizdə uzun müddət bu cür davam etdi: polis ailənin dağılmasının qarşısını mümkün qədər almalı idi. Doğrudur, barışdırmaq halları var idi, mən hətta məişət zorakılığı ilə mübarizəyə həsr olunmuş canlı tədbirlərimizdə də şahidi olurdum, sığınacağa müraciət edən şəxslərdən nə qədərinin 2019-dan bu yana polis tərəfindən barışdırılması baş vermişdi. Lakin 2022-ci ildən başlayaraq sığınacağa müraciət edən şəxslərin barışdırılması cəhdləri azalıb. Artıq müraciət edən qadınların sığınacağa yerləşdirilməsi daha məqsədəuyğun hesab olunur. Bəzi hallarda sığınacaqda olan qadınlar müxtəlif səbəblərdən özləri barışığa gedirlər. Bir neçə il əvvəl bir xanım müraciət etmişdi bizim sığınacağa. Əri tərəfindən dəfələrlə zorakılığa məruz qalmışdı, sonda bezib bizə pənah gətirmişdi. Bir neçə vaxt qaldı bizdə, ərindən boşanmaq ərəfəsində idi. Bir gün qərar verdi ki, evinə qayıdır. Dedik, qayıtma, yenə hər şey əvvəlki kimi olacaq. Polis də ona xəbərdarlıq etdi ki, qayıtmasın. Bizim məsləhətimizə baxmadı, qayıtdı. Sonradan öyrəndik ki, onu uşaqları ilə şantaj ediblər. Bir neçə vaxtdan sonra yenidən müraciət etdi sığınacağa qayıtmaq üçün. Yəni bizim təcrübəmizdə belə hallar da yaşanır. Qadınlar bir çox hallarda uşaqları ilə təhdid olunur, şantaj olunur, məcbur ər evində oturdulur”.
Nazirlər Kabinetinin bir sıra qərarlarına yenidən baxılmalıdır
2011-ci ildə Nazirlər Kabineti "Məişət zorakılığı törətmiş şəxslərin profilaktik qeydiyyata götürülməsi və həmin şəxslərlə tərbiyəvi-qabaqlayıcı işin aparılması Qaydası"nı qəbul edib. Qaydaya görə, məişət zorakılığı törətmiş şəxslərin profilaktik qeydiyyata götürülməsi və həmin şəxslərlə tərbiyəvi-qabaqlayıcı işin aparılması məişət zorakılığının qarşısının alınması, ailələrdə normal münasibətlərin yaradılması, məişət zorakılığı hallarının və ondan yaranan mənfi hüquqi, tibbi və sosial nəticələrin aradan qaldırılması məqsədlərini daşıyır.
Sənəddə diqqəti cəlb edən məqam məişət zorakılığı törətmiş şəxslərin profilaktik qeydiyyata götürülməsi və həmin şəxslərlə tərbiyəvi-qabaqlayıcı işin yerli icra hakimiyyəti orqanlarına həvalə edilməsidir. Niyə polisə yox, icra hakimiyyəti orqanlarına?
Mehriban Zeynalova deyir ki, əslində bu sənədlə mühafizə orderi polisə təqdim edilməliydi, icra hakimiyyəti digər məsələlərlə məşğul olmalı idi. Amma əksinə oldu: polisə Nazirlər Kabinetinin qərarı ilə belə bir hüquq verildi ki, o, daha çox əxlaqi-mənəvi söhbətlər aparsın, icra hakimiyyəti isə mühafizə orderini təqdim etsin.
Birlik sədrinin sözlərinə görə, bəzi bölgələrdə polisin barışdırıcı missiyası ilə bağlı faktlar hələ də çoxdur. Bu da polislərin həm qanuna istinad etməsindən, həm də bəzi hallarda stereotiplərdən irəli gələrək baş verir: “Rayon yerlərində insanlar bir-birilərini tanıyırlar və düşünürlər ki, polis ailə işinə qarışır. Bəzi kişilər hələ də qanunun mahiyyətini kifayət qədər dərk etmirlər və hesab edirlər ki, ailə onundur, istədikləri kimi davrana bilərlər. Düşünürəm ki, polis də ətrafdakıların onu ailə dağıdan kimi görməməsi üçün bəzən ailələrin barışmasına cəhd göstərir”.
Həmsöhbətimiz deyir ki, votsapp qrupu yaradılıb, bu qrupda bütün dövlət qurumları təmsil olunur. Qrup çox operativ işləyir, hansısa bir zorakılıq halı olduqda dərhal bütün qurumlar bu prosesə qoşulur və Azərbaycanın hansı bölgəsində olmasından asılı olmayaraq Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən zorakılığa məruz qalan şəxs olduğu evdən çıxarılır: “İndi vəziyyət dəyişib, əvvəlki kimi deyil. Bakı şəhərində və ətraf rayonlarında bu votsap qrupu çox effektiv işləyir. Amma bütün bunlarla bərabər, mən hesab edirəm ki, qanun təkmilləşdirilməlidir. 2010-cu ildə qəbul edilmiş qanun hazırda insanların şüurunda, davranışında, psixologiyasında baş vermiş dəyişikliyi əhatə edə bilmir. Həmçinin nən hesab edirəm ki, Nazirlər Kabinetinin bir sıra qərarlarına da yenidən baxılmalıdır”.
DİN: "Məişət zorakılığına qarşı mübarizə tədbirləri diqqət mərkəzində saxlanılır"
“Daxili İşlər Nazirliyi tərəfindən məişət zorakılığına qarşı mübarizə tədbirləri diqqət mərkəzində saxlanılır”. Bu barədəmövzu ilə bağlı sorğumuza cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib. Onun sözlərinə görə, münaqişəli ailələrlə bağlı daxil olmuş müraciətlər ərazi polis orqanlarında təhlil edilir və obyektiv araşdırılır. Qeydiyyata alındıqdan sonra həmin ailələrin nəzarətdə saxlanılması polis sahə rəislərinə həvalə olunur və ay ərzində bir dəfədən az olmamaq şərtilə həmin ailələrlə profilaktik söhbətlər aparılır: "Ailədaxili münaqişələrlə bağlı aparılan araşdırmalar zamanı polisin yalnız barışdırıcı mövqe seçməsi fikri isə doğru deyil. Yoxlamalarda həmin ailələrin psixoloji durumu, törədilmiş əməlin təhlükəlilik dərəcəsi nəzərə alınır və eyni zamanda, belə ailələrlə işləyərkən kompleks yanaşma həyata keçirilir. Yəni aidiyyəti dövlət qurumları ilə birgə iş təşkil olunur, eyni zamanda, həmin ailələrin reabilitasiyası və onlara psixoloji dəstəyin göstərilməsi ilə bağlı qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərilir.
Bu istiqamətdə operativliyin təmin edilməsi məqsədilə müəyyən tədbirlər görülüb. Məişət zorakılığı, erkən nikah, ailədaxili münaqişələrin həlli ilə bağlı operativ yanaşma üçün onlayn qruplar yaradılıb. Hər hansı bir hadisə baş verdikdə məlumat həmin qruplarda paylaşılır və qısa müddət ərzində icrası təmin edilir".
L.İsrəfillinin sözlərinə görə, 2023-cü ildə Daxili İşlər Nazirliyində məişət zorakılığı ilə bağlı qeydə alınan müraciətlərin sayının ötən illərə nisbətdə azalması bu istiqamətdə görülən işlərin müsbət nəticəsi olaraq qiymətləndirilə bilər.
Azərbaycanda boşanmaya müraciət edənlərin 80 faizdən çoxu qadınlardır – mediator
2020-ci ilin fevralında Azərbaycanda Avropa İttifaqının dəstəyi ilə Mediasiya Şurası yaradıldı. Müxtəlif dövlət təşkilatlarının və özəl qurumların nümayəndələrinin təmsil olunduğu şuranın əsas fəaliyyəti mübahisələrin məhkəmədənkənar həllinə nail olmaqdır. Mediasiya zamanı tərəflər mediatorun köməyi ilə digər tərəfin mövqeyi barədə daha çox məlumat qazanmaqla, öz mövqeyini yenidən qiymətləndirir və barışmaq imkanlarını araşdırır.
Maraqlıdır, ölkədə daha çox kişilər, yoxsa qadınlar boşanmaq istəyir və əsas səbəb nədir?
Mediasiya Şurasının üzvü, mediator Fərhad Mehdiyev deyir ki, Azərbaycanda boşanmaya müraciət edənlərin 80 faizdən çoxu qadınlardır. Səbəblər də müxtəlifdir: “Düzdür, zorakılığa görə boşanan qadınların sayı azdır. Mənim əlimdə olan işlərin əksəriyyətində qadınlar bildirirlər ki, əvvəllər ərləri tərəfindən döyülsələr də, onları bağışlayıblar. İndi isə boşanma səbəbi zorakılıq deyil. Mən adətən boşanma üçün müraciət edənlərin vəziyyətini diqqətlə araşdırıram. Əgər işin içində xəyanət və zorakılıq varsa, düşünürəm ki, bu ailəni qoruyub saxlamağa lüzum yoxdur”.
Döyən şəxs cəzalandırılmadıqda, sonradan məsələ insanın öldürülməsinə qədər aparıb çıxara bilir
"Yaddan çıxarmamalıyıq ki, məişət zorakılığının bir neçə iştirakçısı var. Qadın və kişi, üstəgəl hər ikisinin çevrəsi" deyən F.Mehdiyevin sözlərinə görə, çevrə təkcə qadının qərarına deyil, kişinin də qərarına təsir göstərir: "Polis də bu iştirakçılardan biridir. Rayon yerində hər kəs bir-birini tanıyır, o cümlədən polis. Polis də çalışır ki, insanlar onun haqqında pis fikirləşməsin. Azərbaycanda məişət zorakılığının çoxu polisə, məhkəməyə qədər gedib çatmır, ailə daxilində həll olunur. Hətta polisə gedib çatsa belə, əksər hallarda barışırlar. Polis də belə münaqişələrdə fikirləşir ki, bir tərəfdə işin araşdırılması var, digər tərəfdə kimlərləsə üz-göz olmaq var, üstəlik də bilinmir ki, sonuc necə olacaq. Digər tərəfdən, polis şikayəti araşdırarsa, artıq barışıq yeri qalmır. Çünki burada şərt deyil ki, cinayət tərkibi olsun, inzibati xəta tərkibi də ola bilər, məsələn, ərin arvadı döyməsi kimi. Bu zaman cinayət işi açılmır, amma zərərvurma müəyyən olunur və ər müəyyən miqdarda cərimələnir. Bu cür sanksiyaya məruz qalmış adamların adətən barışmaq ehtimalları olmur. Belə ailələr dağılır. Ona görə də polisin belə şikayətləri araşdırmağa meyilli olmaması təbiidir”.
Lakin mediatorun fikrincə, şiddətli döyülmə halları varsa, buna göz yummaq olmaz. Ümumiyyətlə, polis hər bir hadisəni araşdırmalıdır. Döyülmənin dərəcəsindən asılı olaraq peşəkar polis artıq vəziyyətin nə yerdə olmasını müəyyən etməli və zorakılığın qarşısını almaq üçün lazımi addımları atmalıdır. Çünki döyən şəxs cəzalandırılmadığı halda, sonradan məsələ insanın öldürülməsinə qədər aparıb çıxara bilir.
Fəxriyyə ABDULLAYEVA