“20 Yanvar”da taksiyə mindi, sürücü əxlaqsız təklif etdi
Bakıda “1 manatlıq” taksilər kimi tanınan nəqliyyat vasitələrindən birinə müştəri kimi əyləşən vətəndaş Rimma Hacıyeva sürücüdən əxlaqsız təklif aldığını iddia edir.
R.Hacıyeva bildirib ki, taksiyə axşam saatlarında “20 Yanvar” metrostansiyasının çıxışında minib: “Məni və bir qoca kişini müştəri kimi götürdü, dedi ki, kişini “Şamaxinka”da düşürüb geri qayıdacaq və başqa adamlar götürüb yoluna davam edəcək. Həmin kişi maşından düşəndən sonra ikimiz qaldıq.
Bu dəfə də “İnşaatçılar”dan xüsusi sifarişlə adam götürəcəyini dedi. Məni Qurd Qapısı adlanan əraziyə apardı, orada içidolu çanta götürdü və başqa heç kim minmədi. Artıq təşvişə düşdüm və hara getdiyimizi soruşdum. Başladı mənə suallar verməyə və bir də baxdım ki, artıq Sədərək yolundayıq və maksimum sürətlə hərəkət edir”.
R.Hacıyeva bildirib ki, bundan sonra taksi sürücüsü ona hədə-qorxu gəlməyə başlayıb: “Mənə əxlaqsız təklif və şantaj etdi. Polisə zəng etsəm, məni arxa oturacağa keçirəcəyini dedi. Anama zəng edib polisə xəbər verməsini deyərək qışqırdım. Bundan sonra məni gətirib “20 Yanvar”da düşürtdü və sürətlə oradan uzaqlaşdı”.
Hadisədən sonra R.Hacıyeva və ətrafındakı şəxslər bu barədə polisə məlumat veriblər. O, dünən günorta saatlarında polis bölməsinə dəvət edilərək izahatı alınıb. Bildirib ki, artıq həmin şəxsin axtarışlarına başlanılıb: “Əmin ola bilərsiniz ki, o öz cəzasını artıqlaması ilə alacaq. Həmin şəxs tapıldıqdan sonra şəxsən özüm üzbəüz onunla bölmədə görüşəcəyəm”.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə ilə bağlı araşdırma aparılır.