Bakıda inanılmaz fırıldaq – İpoteka kağızı ilə hər kəsi aldadırlar FOTOLAR (TƏFƏRRÜAT)




Bakıda yeni fırıldaqçı dəstə peyda olub.

Yaşlı taksi sürücülərini hədəfə alan dəstə üzvləri onlardan müxtəlif məbləğlərdə pul alıb, sonra da gözdən itirlər. Belə ki, onlar yol kənarında dayanıb, özlərinə “qurban” edəcəkləri sürücü axtarırlar.

Sükan arxasında yaşlı sürücü olduğunu görən şəxs tez ona əl edir və müştəri kimi yaxınlaşır. Həmin şəxs sürücüyə ünvan göstərir, o ünvana alacağı məbləği soruşur və həmin ünvana çatmalı olan sənədin olduğunu deyir. Bütün oyun da bundan sonra başlayır.

Bu qruplaşmanın qurbanı olmuş Həsən Cəfərov adlı taksi sürücüsü minval.info-ya başına gələnləri danışıb. Sürücü bildirib ki, gün ərzində qazandığı bütün pulu əlindən alıblar:

“Yol kənarında əl elədi, saxladım. Adi müştəri kimi məndən Bakı Beynəlxalq Avtovağzalına neçəyə aparacağımı soruşdu, mən də 12 manat dedim, razılaşdı. Amma dedi zəng etməlidir. Əlində də kağızlar var idi. Kiminləsə danışdı, ona dedi ki, guya işə gecikir, gələ bilməz. Sonra mənə, “Bu sənədi avtovağzalda mühafizəçi işləyən oğlana çatdırmaq lazımdır”. Əvvəlcə razı olmurdum, telefonu mənə uzatdı, o biri oğlan məni necəsə inandırdı. Üstəlik dedi ki, 30 manat yanımdakı oğlana verim, sənədləri gətirim onun yanına. Həm 30 manatı verəcək, həm də taksi xərcini, razılaşdım.

Gün ərzində işlədəyim bütün pulu verdim bu cavan oğlana. Yola düşdüm, getdim avtovağzala. Çatdım, bayaq danışdığım adam telefonlara cavab vermədi. Nə qədər gözlədim, zəng etdim, xeyiri olmadı. Bu biri oğlanın da nömrəsi var idi məndə, o da telefonu açmadı. Anladım ki, məni aldadıblar. Sənəd kimi verdikləri kağızlar adi ipotek krediti üçün lazım olan sənədlərin siyahısı imiş. Sadəcə üstünə foto yapışdırıblar. Kasıb adamam, imkanım olsa niyə taksi sürüm ki, gedib evimdə oturaram. Bunların etdiyini düşmən etməz”.

Əldə etdiyimiz məlumata görə, bu hadisə son zamanlarda tez-tez yaşanır. Bəzən sənədlə aldadır, bəzən isə fərqli üsullara əl atırlar. Onlardan biri də zibil dolu paketlərdir. Belə ki, onlar taksiyə yaxınlaşır, əllərində olan 2 paketi avtomobilin yük hissəsinə qoyur, vacib əşya daşıyırmış havası yaradırlar. Ardından gedəcəkləri ünvana qədər sürücü ilə söhbətləşir, onun fikrini dağıdır, arada da yüklərinin vacibliyini vurğulayırlar. Çatacaqları yerə az qalmış sürücüdən xırdası olmadığı adı ilə 20, 30, 40 manat pul alır, maşından düşürlər. Sürücü də düşünür ki, alacacağını alıb geri dönəcək, çünki baqajda yükü var. Amma həmin şəxs gözdən itir. Baqaja baxanda isə görür ki, paketlərdə zibil, gərəksiz paltar kimi şeylər var.

Bu fırıldaqçı dəstə hələ də azadlıqdadır. Sürücülər daha da diqqətli olmalıdır.(minval.info)





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu