Emin Əmrullayevin "Sinqapurda bir sinifdə 40 şagird olur" fikri: köhnəlmiş PISA hesabatı...


Elm və təhsil naziri Əmrullayevin və onun komandasında olan bəzi şəxslərin bu yaxınlarda səsləndirdiyi bir fikirlə bağlı bəzi çox önəmli məqamlara aydınlıq gətirmək istəyirəm. Çünki nazir və ətrafındakılar bəzi mövzulara ya səthi yanaşdıqlarından, yaxud da bilərəkdən, məqsədli şəkildə məlumatları təhrif edir və cəmiyyətə həqiqətə uyğun olmayan şeylər deyir. Təəssüf ki, onlara bu məsələrlə bağlı demək olar ki, heç bir tutarlı cavab verilməyib, hələlik. Bir məmurun əsaslandırılmamış və ya təhrif olunmuş məlumatlara əsaslanan iddialar ortaya atması çox böyük məsuliyyətsizlikdir, baxmayaraq ki, bizim cəmiyyətdə bu normal haldır. Lakin məsuliyyətli bir vətəndaş olaraq özümə borc bildiyim üçün bu qeydləri yazıb paylaşmaq istədim. İnsanımız hər zaman, hər mövzuda mütləq alternativ fikir və mövqelər görməlidir, hansısa avtoritar xarakterli və özündən müştəbeh məmurların fikir monopoliyasının əsarətində qalmamalıdır.

Əslində nazirin və onun ətrafındakıların bu əsassız fikirləri haqda bir neçə həftə əvvəl yazmağı planlaşdırırdım, amma vaxt tapa bilmirdim. Bir neçə gün əvvəl bir 9-cu sinif şagirdi ilə, daha sonra isə bir 7-ci sinif şagirdinin valideyniylə etdiyim söhbətdən sonra bu mövzu mənim üçün yenidən gündəmə gəldi və bu qeydləri yazmağıma təkan verdi. Onu da qeyd edim ki, sözügedən məktəbli istisna hal təşkil etmir, onun durumunda olan məktəblilərin sayı minlərlədir. Amma söhbətin məzmunu barədə bir az aşağıda qeydlər edəcəm, əvvəlcə başlayaq təhsil nazirinin və ətrafındakıların iddialarından.
Nazirin səsləndirdiyi fikir siniflər üzrə şagird sıxlığı ilə bağlı idi (sinifdə olan şagird sayı və ya sinfin böyüklüyü də deyə bilərik). Nazir iddia edir ki, (sitat) “bir sinifdə 40 nəfərin təhsil almasının tədrisə mənfi təsiri yoxdur. Ən yaxşı təhsil sistemi Sinqapurdadır və orada bir sinifdə standart olaraq 40 şagird təhsil alır”.
Nazir bu iddiaları səsləndirəndən sonra tanıdığım bir çox təhsil mütəxəssisləri və müəllimlər bu fikirlərə etirazını bildirdi. Nazirin ətrafında olanlar isə təbii ki hərzamankı kimi onu az qala ayaqüstə alqışladı. Məsələn, nazirin bu iddiasını ən canfəşanlıqla müdafiə edənlərdən biri nazirin Nicat Məmmədli adlı müşaviri idi və onun hətta bu məsələylə bağlı elə burada paylaşdığı bir yazı vardı (yeri gəlmişkən, özünəxas hərzamankı təkəbbürlü formada yazılmış bir yazıdır). Müşavirin paylaşdığı yazıdan da tam aydın oldu ki, nazir Əmrullayevin və onun komandasının bu iddiaları haradan qaynaqlanır. Amma izah edəcəyim kimi, görünür onlar istinad etdikləri mənbələri ya natamam oxuyublar, ya oxuduqlarını səhv anlayıblar, ya da bu təhrifləri qəsdən edirlər. Elə təkcə onu demək kifayətdir ki, müşavirin yazısındakı (sitat) “bu tipli suallar yalnız böyük tədqiqatlara əsaslanaraq cavablandırıla bilər“ və “ümid edirəm ki, ekspertlərimiz bu tədqiqatlarla müntəzəm tanış olurlar” kimi təkəbbürlü fikirlərinə baxmayaraq, nə nazir, nə də onun müşaviri, bir neçə bölümdən ibarət 2009-cu il PISA tədqiqatının 308 səhifəlik “What makes schools successful” adlı bölümünü bəlkə də girişdəki qısa icmaldan (Executive Summary) o tərəfə oxumayıblar. Hələ bir az da irəli gedərək təxmin edirəm ki, 2012-ci və 2015-ci il PISA tədqiqatları barədə də dolğun məlumatlı deyillər, çünki onları oxumuş olsaydılar, bu gün “sinifdə 40 nəfərin təhsil almasının tədrisə mənfi təsiri yoxdur” iddialarını əsaslandırmaq üçün PISA 2009-cu il hesabatından bu cür təhrif olunmuş sitatlar gətirməz və ya Sinqapuru misal çəkməzdilər. Həmin hesabatların nəticə hissəsini oxuyub, oradakı nüanslı, mürəkkəb və birmənalı olmayan mövzularla bağlı mülahizələrə əsaslanaraq təhsil sistemi idarə olunmaz, cənab məmurlar!
Bu mövzuda çox uzun yazmaq olar, amma onların bu iddialarıyla bağlı sadəcə bir neçə əks-arqumentimi yığcam şəkildə qeyd edirəm. Nəzərə alın ki, bu sahədə aparılmış çox sayda tədqiqatlar var və qeyd etdiyim hər bir tezisi bu tədqiqatlar əsasında daha geniş şəkildə əsaslandırmaq olar.
Deməli, həm nazir, həm də onun müşaviri öz iddialarını (“siniflərdə şagird sayının 40-a artırılması şagirdlərin nəticələrinə təsir göstərməyəcək”) PISA tədqiqatı ilə əsaslandırırlar. Amma qeyd etdiyim kimi, onların istinad etdiyi 2009-cu il tədqiqatı nisbətən köhnə tədqiqatdır. “Ümid edirəm ki, ekspertlərimiz bu tədqiqatlarla müntəzəm tanış olurlar” deyən nazir müşaviri ümid edirəm razılaşar ki, bu mövzunu açmaq üçün mütləq sonrakı illərin PISA tədqiqatları ilə də, başqa tədqiqatlarla da tanış olmaq lazımdır. Məsələn, əgər onlar 2012-ci il tədqiqatına baxmış olsaydılar, görərdilər ki, şagird sıxlığı məsələsiylə bağlı 2009 və 2012 hesabatları arasında bəzi çox mühüm nüanslar var. Obyektivlik və dürüstlük naminə onlar öz çıxışlarında bu məqamları da qeyd etməli idilər, amma etməyiblər, əksinə, məsələləri ictimaiyyətə istədikləri və özlərinə sərf etdiyi kimi birtərəfli təqdim edirlər. Ona görə bu məqamları qeyd etmək məcburiyyətindəyik.
1. Birincisi, PISA tədqiqatı çərçivəsində üç ildən bir aparılan bu qiymətləndirmə bütün sinifləri əhatə etmir, yalnız 15 yaşlı məktəbliləri, yəni əsasən 10-cu, qismən də 9 və 11-ci sinifləri əhatə edir. Bəs nazir və onun müşaviri hansı məntiqlə orta təhsilin sonuncu 2-3 ilini əhatə edən bir tədqiqatın nəticələrini əsas götürərək bütövlükdə 11 illik orta təhsil sistemi üçün çox uzağa gedən ümumiləşdirmələr aparır və belə böyük iddialar irəli sürür?
Əslində PISA-nın bu məsələdə heç bir təqsiri yoxdur; günah bu hesabatı oxuyub, orada qeyd olunan nəticələri səhv başa düşüb və ya qəsdən təhrif edib, məsələni cəmiyyətə birtərəfli təqdim edənlərdədir – özünüz də bu hesabatlara baxsanız çox rahat görə bilərsiniz ki, tədqiqatın müəllifləri özləri də “siniflərdə şagird sayının çox olması şagirdlərin nəticələrinə təsir göstərmir” cümləsindən dərhal sonra, yəni növbəti cümlədə çox önəmli bir qeyd edir ki, hesabatı oxuyanlar bu mülahizəni yanlış istiqamətə aparmasın - “Class size also seems to be more important in the earlier years of schooling than it is for 15-year-olds”. Yəni adamlar çox aydın şəkildə qeyd ediblər ki, bir sinfə neçə şagirdin yerləşdirilməsi məsələsi xüsusən aşağı siniflər üçün daha böyük əhəmiyyət daşıyır (yuxarı siniflərdən fərqli olaraq). Özü də bunu həm 2009, həm də 2012-ci il hesabatlarında qeyd edirlər. Və ən əsası – aşağı siniflərdə şagird sıxlığının əhəmiyyətini qeyd edərkən 2009-cu ildəki hesabatda müəlliflər cəmi bir tədqiqata istinad edir (Finn, 1998), amma 2012-ci ildə həmin qeydlə bağlı artıq bir neçə hesabat adı sadalayırlar (Finn, 1998; Chetty et al., 2011; Dynarski, Hyman and Schanzenbach, 2011). Yəni göstərmək istəyirlər ki, sinifdə neçə şagirdin olması məsələsi təhsilin aşağı pilləsi üçün çox əhəmiyyətlidir və iki hesabat arasında keçən üç il ərzində bu mövzuda daha çox yeni tədqiqatlar aparılıb.
Bu gün Azərbaycanda da valideynlərin sinif sıxlığı ilə bağlı narahatlığı və şikayətləri məhz ibtidai təhsil pilləsi ilə bağlıdır. Valideynlər, xüsusən də paytaxt Bakıdakı valideynlər, bu gün 1-ci sinifdə təhsil almağa başlayacaq övladlarının 30-35 şagirdlik siniflərdə təhsil almasından narahatdır, yoxsa 10-11-ci siniflərdə şagird sayısının çox olmasından heç kim narahat deyil. Tam əksinə, bu yaxında burada paylaşdığım bir yazımdan da görə bilərsiz ki, bu gün bir çox məktəbdə 10-11-ci sinif şagirdlərinin 50 faizdən çoxu ümumiyyətlə heç dərsə getmir, repetitor hazırlıqlarındadır, odur ki, nazir gedib çox rahatlıqla 10-11-ci siniflərdəki şagird sayını 40-a yox, lap 80-ə və ya 100-ə də qaldıra bilər, çünki bu siniflərdə onsuz da dərsə gələn yoxdur. Həmin yazıda sitat gətirdiyim bir müəllim məktəbə gələn 10-11-ci sinif şagirdlərinə acıqla deyir ki, yenə niyə gəlmisiz məktəbə avaralanmağa, gedin repetitor yanına savadlanın, ali məktəbə hazırlaşın (dəhşətli də olsa həqiqətdir). Odur ki, rica edirik, 10-cu sinfə aid olan bir beynəlxalq hesabatdakı hansısa bir cümləni kontekstdən çıxarıb, təhrif edib, sonra da əldə bayraq edib, ibtidai siniflərdə şagird sayısını 40-a qaldırmağa cəhd etməyin. Ondansa gedin icbari təhsilin guya pulsuz olduğu bir ölkədə, şagirdlərin məktəblərdə pulsuz öyrənməli olduqları bilik və vərdişlər üçün valideynlərin niyə hər il öz ciblərindən minlərlə manat pul xərcləyib, repetitorlara üz tutmasının səbəblərini dərindən təhlil edib, bu problemi həll etməyə çalışın.
2. İkincisi, onların istinad etdikləri 2009-cu il PISA tədqiqatının 2012-ci il nəşrində “siniflərdə şagird sayının çox olması şagirdlərin nəticələrinə ciddi təsir göstərmir” mülahizəsinə çox önəmli daha bir düzəliş verilib. Müəlliflər 2012-də qeyd edirlər ki, sinifdə şagird sayısının şagirdlərin nəticələrinə təsiri məsələsi sırf ölkənin mədəniyyətinə xas bir məsələdir, yəni mədəniyyətə görə dəyişir və hesabata da baxsanız, görəcəksiniz ki, şagird sayısının yüksək olduğu siniflərə yalnız Asiya ölkələrində rast gəlinir. (“The effects of class size on student performance seem to be culture-specific: comparatively large classes are found in many Asian countries where average student performance is high.”). Yəni 2009-cu il hesabatında bu məsələ ilə bağlı natamam bir mülahizə irəli sürülmüşdü, amma görünür daha dərin təhlillərdən və tənqidlərdən sonra bu iddianın qüsurlu olduğunu anlayıb düzəliş etdilər.
Doğrudan da sinif sıxlığı yüksək olan cəmiyyətlərin hamısı Asiya ölkələridir - Sinqapur, Honq-Konq, Makao, Yaponiya, Koreya və sair. Avropanın, OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) ölkələrinin böyük əksəriyyətində şagird sıxlığı 20-lərdədir. Bu mövzu ilə bağlı dərindən tədqiqat aparanlar qeyd edir ki, Asiya ölkələrində bir sinifdə 40 şagirdin olmasının tədrisin keyfiyyətinə və şagirdlərin nəticələrinə ciddi təsir göstərməməsinin ən əsas səbəblərindən biri bu mədəniyyətlərin formalaşmasında dominant rol oynamış konfusianizmdir, onun formalaşdırdığı dəyərlər və vərdişlərdir. Bu mövzuyla bağlı aparılmış tədqiqatlar çoxdur. Bir cümlə ilə qeyd olunmalıdır ki, həmin ölkələrdə konfusianizmin ənənələrindən irəli gələrək insanlarda təhsilə, zəhmətə, kollektiv daxilində fəaliyyətə, mənsub olduğun kollektivə loyallığa, ən əsası da müəllim fiquruna hədsiz çox önəm verilir. Odur ki, PISA-nın 2009-cu ildə irəli sürdüyü və nazirlə müşavirinin istinad etdiyi həmin iddia, elə PISA-nın öz sözləri ilə desək, bütün ölkələr üçün yox, sadəcə bəzi mədəniyyətlər üçün və sadəcə yuxarı siniflər üçün keçərlidir. Vurğulayaraq təkrar etmək istəyirəm ki, ən inkişaf etmiş ölkələrin təmsil olunduğu OECD ölkələrinin (o cümlədən Qərbi Avropa və Şimali Amerika) böyük əksəriyyətində şagird sıxlığı 18-20-lərdədir. Hansısa hesabatlara istinadən belə iddialar irəli sürülərkən mütləq konteksti və yerli/mədəni amilləri nəzərə almaq lazımdır. Təəssüf ki, bu məsələ Təhsil Nazirliyindəki hazırkı komandanın əsas qüsurlarından biridir – həmişəki kimi bahalı xarici konsultantlardan və beynəlxalq hesabatlardan götürülmüş fikirləri yerli kontekst və digər amillər nəzərə almadan tətbiq etməyə çalışırlar.
3. Üçüncüsü, nazir və onun müşavirinin iddia etdiyi kimi bir sinfə 40 şagird doldurub, guya bunun hesabına müəllimlərin sayını azaldaraq büdcəyə qənaət etmək və bu vəsaitlə digər müəllimlərin maaşını artırmaq ideyası təhsil sahəsinə rəhbərlik edən məmurlar üçün çox primitiv və absurd səslənir. Hələ bunu əsaslandırmaq üçün Sinqapurdan misal çəkmələri isə absurddan da betərdir.
Təhsil sahəsinin mütəxəssisləri bilir ki, bu cür təhlillərdə təkcə sinif sıxlığına (class size) baxmaq doğru yanaşma deyil, onunla yanaşı mütləq şagird-müəllim nisbətinə də (student-teacher ratio) baxılmalıdır. Məsələ burasındadır ki, bir sinifdə 40 şagirdin olması o demək deyil ki, həmin sinifdə bir müəllim dərs deyəcək və bununla siz müəllimlərin sayını ixtisar edə biləcəksiz (Təbii ki, əgər təhsilin keyfiyyətinin sizin üçün bir önəmi varsa).
Təhsil sahəsində qabaqcıl olan ölkələrdə, o cümlədən misal çəkdiyiniz Sinqapurda, bir qayda olaraq bu cür böyük siniflərdə ya iki müəllim, ya da ən azından bir müəllim və bir müəllim assistenti tədris edir. Yəni 40 nəfərlik bir sinfə iki müəllim təhkim olunursa, bu o deməkdir ki, hər 20 şagirdə bir müəllim düşür. Yəni pedaqoji işçilərin sayı baxımından bir müəllimin dərs dediyi 20 şagirdlik sinif ilə, iki müəllimin təhkim olunduğu 40 nəfərlik sinif arasında heç bir fərq yoxdur. Bu məsələnin bizə tam aydın olması üçün, gəlin nazirin və müşavirinin bizə 40 nəfərlik siniflərin olduğu Sinqapur ilə 20-25 şagirdlik siniflərin olduğu başqa qabaqcıl ölkələrin şagird-müəllim nisbətini (student-teacher ratio) müqayisə edək.
Deməli, “bir sinifdə standart olaraq 40 şagird təhsil alan” (nazirdən sitat) Sinqapurda ibtidai təhsil pilləsində şagird-müəllim nisbəti 15:1-dir. Dünyanın ən qabaqcıl ölkələrinin (o cümlədən Qərbi Avropa, ABŞ, Kanada və sair) daxil olduğu OECD təşkilatı üzrə ibtidai təhsil pilləsində siniflərin orta sıxlığı cəmi 21 olduğu halda, şagird-müəllim nisbəti də cəmi 16:1. Yəni siniflərin sıxlığı 40 olan Sinqapurla eynidir. Məncə əlavə izaha ehtiyac yoxdur, nazir və müşavirinin ortaya atdığı iddia bu ölçülər nöqteyi-nəzərindən də öz təsdiqini tapmır.
4. Gələk digər ən vacib məsələyə, hansı ki, həm 9-cu sinif şagirdi ilə, həm də bir 7-ci sinif şagirdinin valideyni ilə söhbətimin mövzusu idi.
Sinqapurda ibtidai təhsil 6 ildir və bu pillənin sonunda bütün şagirdlər ibtidai təhsildən buraxılış imtahanı (PSLE) verir. Bu imtahanın əhəmiyyəti ondadır ki, ibtidai təhsili bitirən şagirdlərin təhsilin növbəti pilləsində götürəcəyi fənlərin səviyyəsi məhz bu imtahandan əldə etdikləri nəticələrə müvafiqdir. İmtahandan nəticələrin yüksəkdirsə, məsələn, sənin götürəcəyin riyaziyyat fənninin səviyyəsi daha yüksək/mürəkkəb olacaq, zəifdirsə, daha aşağı səviyyədən başlayacaqsan. Yəni uşaqlar götürdüyü fənlərin səviyyəsinə (G1, G2, G3) uyğun şəkildə qruplaşdırılır və sonrakı illərdə də onlara tədris olunan fənnin səviyyəsi onların həmin fənn üzrə əldə etdiyi müvəffəqiyyət səviyyəsinə uyğun olur. Bir sözlə, Sinqapur məktəbləri (eləcə də əksər qabaqcıl ölkələr) bilik səviyyəsindən, qabiliyyətindən və həvəsindən asılı olmayaraq ucdan tutma bütün şagirdləri eyni sinfə doldurub hamısına eyni fənləri tədris etmir, bizdəki kimi. Sinqapur məktəblərində təhsil şagirdlərin səviyyəsinə, maraqlarına və ehtiyaclarına uyğunlaşdırılır. Bəs bizdə bu sahədə vəziyyət necədir?
Deməli Bakıda dövlət məktəblərindən birində təhsil alan bu 9-cu sinif şagirdinin həm riyaziyyat və fizika, həm də ingilis dili səviyyəsi çox yüksəkdir, hətta deyərdim şifahi və yazılı ingilis dili səviyyəsi orta məktəblərin ingilis dili müəllimlərinin əksəriyyətindən daha yaxşıdır. Riyaziyyat-fizika üzrə də təxminən məktəb proqramının 10-11-ci ili səviyyəsindədir, yəni oxuduğu sinfin proqramından azı bir və ya bir il yarım irəlidədir. Bu minvalla bəlkə də gələn il xaricdə yaxşı bir ali məktəbə qəbul ala biləcək səviyyədə olacaq. Bəs nəyin və ya kimlərin sayəsində?
Təbii ki, bu səviyyəyə çatması orta məktəbin sayəsində olmayıb. Tam əksinə, mövcud məktəb sistemi, daha dəqiq desək, mövcud təhsil sistemi və bütövlükdə ölkəmizdə təhsilə olan yanaşma, bu şagirdin (və onun timsalında minlərlə digər şagirdlərin) inkişafının qarşısında duran böyük bir maneədir, onları inkişaf etməyə qoymur. Elçin Rəşid bəy bir dəfə mövcud təhsil sistemini çox dəqiqliklə suyun qabağını kəsmiş əjdahaya bənzətmişdi. Bu bənzətmə qətiyyən mübaliğə deyil. Hətta bir az da irəli gedib deyərdim ki, mövcud məktəb sistemi təhsil alanların və onların valideynlərinin qarşısını kəsmiş elə bir əjdahadır ki, ailələr öz övladlarının həmin əjdahadan qurtulub irəli gedə bilməsi üçün mütləq həmin əjdahanın başını necəsə qatmaq məcburiyyətində qalır. Bunu necə edirlər? Məktəblə danışıb, rüşvət verib, övladlarını məktəbdən azad edirlər ki, repetitor yanına göndərə bilsinlər, əks halda övladları məktəbdə avaralanıb, inkişafdan geri qalacaq. Çünki mövcud təhsil sistemi bu cür şagirdləri məcbur edir ki, onlar məktəbdə öz səviyyələrindən, potensial qabiliyyətlərindən, maraq və ehtiyaclarından çox aşağı səviyyədə riyaziyyat, fizika, kimya və ya ingilis dili dərslərinə formal olaraq qatılsın və öz dəyərli vaxtlarını israf etsin. Məktəb onların bacarıq və qabiliyyətlərinə, ən əsası da ehtiyaclarına uyğun xidmət təqdim edə bilmir. Halbuki Sinqapurdakı kimi normal bir təhsil sistemi bu cür şagirdləri formallıq xatirinə hansısa dərslərə məcbur etmək yerinə, onların məhz öz səviyyələrinə uyğun dərslərə qatılmasına şərait yaradardı. Əgər şagird daha çoxunu götürə bilirsə, buna həvəsi, qabiliyyəti və ya ehtiyacı varsa, təhsil sistemi ona bu imkanları təmin etməlidir. Azərbaycanın mövcud “pulsuz” təhsil sistemi isə buna qadir deyil, bacarmır.
Təhsilimizə rəhbərlik edən şəxslər mənasız fikirlər və ideyalar ortaya atmaqdansa, gedib bu cür daha vacib və aktual problemlərlə məşğul olmalıdır.
P. S. Yazı hədsiz uzun olmasın deyə bir çox şeyləri qeyd etməmişəm, bəziləri yadımdan çıxıb. Məsələn, Sinqapurda adi məktəblərdə öyrənmə çətinliyi olan və ya nisbətən zəif nəticələr göstərən uşaqlar üçün hətta 6-8 nəfərlik kiçik siniflər də təşkil olunur. Hələ inklyuziv təhsili demirəm. Təhsil naziri 40 nəfərlik siniflər haqqında danışmazdan əvvəl göstərsin görək bizim orta məktəblərdə bu sahədə vəziyyət necədir? Nisbətən zəif uşaqlar üçün məktəblərdə bu cür 6-8 nəfərlik siniflər təşkil olunur? Yoxsa valideynlər məcbur olub öz hesablarına repetitor yanına göndərir uşaqları?

Rəşad ƏLİYEV,
BDU-nun Beynəlxalq Münasibətlər fakültəsinin və Maryland Universitetində (ABŞ) İctimai İdarəetmə üzrə magistr proqramının məzunu



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu