ELF Bar, Esco Bar, Flum Pebble – Gəncləri zəhərləyən “populyar” düşmənlər


Alimlər müəyyən ediblər ki, bəzi birdəfəlik elektron siqaretlərin tərkibində adi siqaretlərə nisbətən daha çox zərərli kimyəvi maddələr var.

Kaliforniya Universitetinin apardığı yeni bir araşdırma göstərib ki, bəzi məşhur birdəfəlik elektron siqaretlərdə aşkar edilən zəhərli metal səviyyələri ənənəvi siqaretləri belə geridə qoyur. Üstəlik bu göstərici tək bir siqaretlə məhdudlaşmır – bəzi markaların ilk 200 nəfəsində 20 qutu siqaretə bərabər qurğuşun ifraz olunduğu müəyyən edilib.

ACS Central Science jurnalında dərc olunan araşdırmada gənclər arasında olduqca populyar olan ELF Bar, Esco Bar və Flum Pebble markalarına aid cihazlar incələnib. Tədqiqatçılar bu cihazlardan 500–1500 nəfəs buxar çıxararaq analiz edib, sonra isə cihazları sökərək metalın mənbəyini müəyyən ediblər.

Yüksək miqdarda nikel, xrom və antimon

Nəticələr olduqca narahatedici olub. Cihazların əksəriyyətində yüksək miqdarda nikel, xrom və antimon aşkarlanıb. Bu metalların nəfəs alınan formaları xərçəngdən tutmuş ürək və ağciyər xəstəliklərinə qədər ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Xüsusilə Esco Bar markasına aid iki cihazda ilk 200 nəfəsdə çıxan qurğuşun miqdarının 20 qutu siqaretin verdiyi qurğuşun miqdarına bərabər olduğu bildirilib.

Araşdırmaya görə, bu təhlükəli metallar həm cihazın komponentlərindən, həm də içindəki nikotin məhlulundan qaynaqlanır. Birdəfəlik elektron siqaretlərdə istehsalda istifadə olunan materiallar və maye bu zərərli metalları buxara keçirir.

Xərçəng riski həddini aşır

İki cihazda nikel və antimon səviyyələrinin xərçəng riski həddini aşdığı, dörd cihazda isə nikel və qurğuşun emissiyalarının sinir sistemi zədələri və tənəffüs yolu xəstəlikləri riskini artıracaq səviyyədə olduğu müəyyən edilib.

Tədqiqatçılar vurğulayıblar ki, cəmi üç məşhur markada belə yüksək toksik maddələrin tapılması, bazarda nəzarətsiz şəkildə dövr edən yüzlərlə markanın potensial riskini üzə çıxarır. Ötən il aparılmış başqa bir araşdırmada da elektron siqaret istifadə edən yeniyetmələrin sidiyində yüksək miqdarda qurğuşun və uran aşkar olunmuşdu.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu