Rusiya hərbi gəmisi Böyük Britaniya sahillərində döyüş sursatı ilə təlim keçirib



Böyük Britaniya Müdafiə Nazirliyi Rusiyaya məxsus hərbi gəminin Britaniyanın cənub sahilləri yaxınlığında döyüş sursatı ilə təlim keçirdiyini açıqlayıb.

AFN.az xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyindən verilən bəyanatda Manş və Şimal dənizində neft tankerlərini müşayiət edən "Neustrashimy" sinfinə məxsus Rusiya freqatının döyüş sursatı ilə təlim keçirdiyi bildirilib.

Açıqlamada Britaniyanın cənubundakı Plimut şəhərinin 40 dəniz mili (təxminən 75 kilometr) aralığında, beynəlxalq sularda təşkil edilən təlimin yarım saat davam etdiyi qeyd olunub.

Rusiya gəmisinin təxminən 1 aydır Britaniya hərbi dəniz qüvvələri tərəfindən izlənildiyi vurğulanan bəyanatda təlimin dünən keçirildiyinə diqqət çəkilib.

Açıqlamada təlim haqqında Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus "HMS Tyne" gəmisinə əvvəlcədən məlumat verildiyi qeyd olunaraq, "Kral Donanması təlimini əvvəldən sonadək izlədiyi və fəaliyyətini yaxından müşahidə etdiyi gəmiyə qarşı Böyük Britaniyanın milli təhlükəsizliyini qorumağa hazır vəziyyətdə gözləyir" ifadəsi işlədilib.

"Sky News" telekanalına danışan bəzi nazirlik rəsmiləri Rusiyanın Britaniya sahillərində təlim keçirməsinin qeyri-adi hal olduğunu və təlim üçün yeni Baş nazir Endi Börnhemın vəzifəsinin icrasına başladığı günün seçilməsinin diqqətçəkən olduğunu bildiriblər.

"Neustrashimy" sinfindən olan freqatdan əvvəl Şimal və Manş dənizində tapşırıq icra edən "Admiral Qriqoroviç" adlı Rusiya hərbi gəmisi iyun ayında içərisində britaniyalı cütlüyün olduğu yaxtaya xəbərdarlıq atəşi açmışdı.

Eyni günlərdə Britaniya Hərbi Dəniz Qüvvələri Rusiyaya neft daşıyan gəmini müsadirə etmişdi.

Britaniya rəsmiləri müsadirə edilən "Smyrtos" adlı tankerin Rusiyanın sanksiyalara məruz qalan neft ixracatının təxminən 75 faizini daşıdığı bildirilən 700 gəmilik "kölgə donanması" şəbəkəsinin bir hissəsi olduğunu iddia etmişdilər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu