İran, Çin və Rusiya Oman dənizi və Hind okeanında hərbi təlim keçirəcək
İran, Rusiya və Çin cümə axşamı günü Oman dənizi və Hind okeanının şimalında birgə hərbi təlimlər keçirəcək.
"Tesnim" xəbər agentliyinin məlumatına görə, hər il İran, Rusiya və Çin arasında keçirilən "Dəniz Təhlükəsizlik Qurşağı" adlı təlim sabah Oman dənizi və Hind okeanının şimal sularında icra olunacaq.
Təlimlər İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri ilə Çin və Rusiyanın dəniz qüvvələrinin iştirakı ilə reallaşacaq. "Dəniz Təhlükəsizlik Qurşağı" təliminin sözçüsü, kontr-admiral Həsən Məqsudlu bildirib ki, bu təlimin əsas məqsədi Oman dənizi və Şimali Hind okeanında təhlükəsizliyi və davamlı dənizçilik əlaqələrini inkişaf etdirməkdir.
İranlı komandir həmçinin qeyd edib ki, dəniz təhlükəsizliyini təhdid edən fəaliyyətlərə qarşı birgə əməliyyatlarda yaxınlaşma və koordinasiyanı təmin etmək, xüsusilə ticarət gəmilərinin və tankerlərin qorunması, habelə dəniz terrorizminə qarşı mübarizə bu birgə təlimin əsas diqqət mərkəzində olan məqamlardır.
Təlimdə iştirak edən Rusiya donanmasının komandiri Aleksey Sergeyev isə mövzu ilə bağlı "İstənilən bölgədə birgə təlimlər keçirməyə hazırıq. Buraya hər iki tərəfin gəmi və qayıqları ilə həyata keçiriləcek antiterror əməliyyatları kimi xüsusi təlimlər də daxildir" deyib.
Qeyd edək ki, İran, Rusiya və Çin "Dəniz Təhlükəsizlik Qurşağı" adı altında ilki 2019-cu ilin dekabrında olmaqla, hər il sözügedən bölgədə müntəzəm hərbi təlimlər keçirirlər.



