İngiltərədə yeni hökumətin nazirləri bəlli olur



Böyük Britaniya Kralı III Çarlz tərəfindən dünən hökuməti qurmaq tapşırığı verilən Baş nazir Endi Börnhem yeni kabinetdə təmsil olunacaq nazirləri açıqlamağa bu gün də davam edib.

AFN.az xəbər verir ki, Börnhem dünən günorta saatlarında Kral III Çarlzdan hökuməti qurmaq tapşırığını aldıqdan sonra birlikdə çalışacağı nazirləri bir-bir Baş nazirlik Ofisinə dəvət edərək kabinetini formalaşdırmağa başlayıb.

Baş nazirliyə çağırılan şəxslərin hansı vəzifələrə təyin edildiyi "10 Nömrə"nin "X" platformasındakı rəsmi hesabından elan olunub.

Vəzifəsinin icrasına başladıqdan sonra yeni Baş nazirin müavini, Maliyyə, Xarici İşlər və Daxili İşlər nazirlərini seçən Börnhem günün irəliləyən saatlarında və bu günün ilk saatlarında da yeni nazirləri müəyyənləşdirməyə davam edib.

Börnhem dünən vəzifəsindən istefa verən Keyr Starmerin Xarici İşlər naziri olmuş İvett Kuperi Səhiyyə naziri, Starmerin hakimiyyətinin ilk ilində Baş nazirin müavini olmuş Ancela Rayneri isə Mənzil, İcmalar və Yerli Özünüidarəetmə naziri vəzifəsinə təyin edib.

Təhsil nazirliyinə Lusi Pauelli, Müdafiə nazirliyinə Ues Stritinqi, Ədliyyə nazirliyinə Aleks Norrisi gətirən Börnhem Starmerin Yaxın Şərq üzrə dövlət naziri Hamiş Falkoneri isə Hökumətlərarası Əlaqələr və Avropa Əlaqələri üzrə dövlət naziri vəzifəsinə gətirib.

Börnhem kabinetində Uels üzrə dövlət nazirliyi vəzifəsini Stiven Kinnok, Şotlandiya üzrə dövlət nazirliyi vəzifəsini Duqlas Aleksander, Şimali İrlandiya üzrə dövlət nazirliyi vəzifəsini isə Kris Brayant icra edəcək.

Dünən İngiltərənin yeni kabinetində Xarici İşlər nazirliyinə Ed Milibandın, Daxili İşlər nazirliyinə Şabana Mahmudun, Maliyyə nazirliyinə isə Con Hilinin rəhbərlik edəcəyi açıqlanmışdı.

Baş nazirin müavini, Lankaster Hersoqluğu üzrə məsul nazir və Kabinet Ofisi naziri vəzifəsinə isə Luiza Heyq gətirilmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu