Alimlər düyü yuxasından robot hazırladı

Alimlər düyü yuxasından robot hazırlamağın mümkün olduğunu kəşf edərək robot texnologiyasında tamamilə yeni imkanların qarşısını açıblar.
Bristol Universitetində çalışan alimlər Vyetnam mətbəxində tez-tez istifadə olunan düyü yuxasının yumşaq robot texnologiyasında inqilabi bir material ola biləcəyini müəyyən ediblər.
Fizika və Mühəndislik Fakültəsinin tədqiqatçıları bildiriblər ki, düyü yuxası elastikliyi baxımından silikon qədər dayanıqlı, həmçinin bioloji parçalanabilən, toksik olmayan və hətta yeyilə bilən quruluşu ilə ekoloji baxımdan da əlverişli alternativ təklif edir.
Araşdırmanın aparıcı müəllifi Kristina Braqanza “Bu araşdırma hər kəsin ev şəraitində davamlı üsullarla yumşaq robotlarla təcrübə aparmasına imkan yaradır. Eyni zamanda elmi yaradıcılığı təşviq edən əlçatan bir material təklif edirik” deyib.
Kənd təsərrüfatından kulinariyaya geniş tətbiq sahəsi
Tədqiqat qrupu bu materialın yalnız elmi sınaqlarda deyil, kənd təsərrüfatında, meşə salma layihələrində və hətta kulinariya sahəsində də müxtəlif formalarda istifadə oluna biləcəyini bildirir. Düyü yuxasından hazırlanan robot hissələri çətin çatılan bölgələrdə toxum səpmək kimi vəzifələri yerinə yetirmək üçün ümidverici alternativ ola bilər.
Tədqiqatçılar indi bu materialdan öz-özünə hərəkət edə bilən bir robot hazırlamağı planlaşdırırlar.
Yumşaq robot texnologiyası sürətlə inkişaf edir
Son illərdə böyük irəliləyişlər əldə edilən yumşaq robot texnologiyası biotibbdən tutmuş nüvə obyektlərinin ləğvi və kosmosun tədqiqi kimi sahələrdə geniş tətbiq edilir. Bu sistemlərdə istifadə olunan xüsusi materiallar sayəsində robotlar çətin mühitlərə daha yaxşı uyğunlaşa bilir, bəzi hallarda isə zədələndikdə özlərini bərpa etmək qabiliyyətinə malik olurlar.
Keçən ay Edinburq Universitetində hazırlanmış və 3D printerdən çıxan kimi yeriyə bilən dördayaqlı yumşaq robot da bu sahədəki potensialı açıq şəkildə nümayiş etdirmişdi.