Dünyanın ən kiçik simsiz uçan robotu istehsal edilib: Diametri 1 santimetrdən azdır

Kaliforniya Universitetinin Berkli Kampusunun mühəndisləri ölçüsü 1 santimetrdən az, simsiz idarə oluna və hədəfə yönələ bilən dünyanın ən kiçik uçan robotunu hazırlayıblar.
Arıların hərəkətlərindən ilhamlanaraq hazırlanan robot havada uça, istiqamətini dəyişə və kiçik hədəfləri vura bilir.
Cəmi 21 milliqram ağırlığında olan bu robot həm də idarə olunan uçuş qabiliyyətinə malik ən kiçik simsiz robotdur.
Robotun uçuş qabiliyyəti içəridəki iki kiçik maqnitlə təmin edilir. Xarici olaraq tətbiq olunan maqnit sahəsi bu maqnitləri aktivləşdirir və robotun fırlanmasına səbəb olur.
Bu dönmə hərəkəti robotun yerdən qalxması üçün kifayət qədər qaldırma qüvvəsi yaradır.
Uçuş istiqaməti və sürəti maqnit sahəsinin gücünü tənzimləməklə idarə oluna bilər. Bu yolla robotu müəyyən edilmiş hədəfə yönəltmək mümkün olur.
Tədqiqatın baş müəllifi, Mexanika Mühəndisliyi professoru Livey Lin "Arıların naviqasiya, havada qalma və tozlandırma kimi fövqəladə uçuş qabiliyyətləri var. İnkişaf etdirdiyimiz robot, arının çiçəkdən nektar toplayıb uzaqlaşdığı kimi, hədəfə doğru irəliləyib geri qayıda bilir" deyib.
Tədqiqata töhfə verən mühəndis Fanpinq Sui bu tip robotların kiçik məkanları araşdırmaq və dar sahələrə daxil olmaq kimi vəzifələrdə istifadə oluna biləcəyini bildirib.
O, həmçinin süni tozlandırma və ya boruların içini yoxlamaq kimi kənd təsərrüfatı tətbiqlərində də faydalı ola biləcəyini söyləyib.
Hələlik real vaxtda aşkarlama sistemlərinə sahib olmayan robot passiv uçuş xüsusiyyətinə malikdir. Beləliklə, ətraf mühitin qəfil dəyişməsi - məsələn, güclü külək robotun oriyentasiyasını poza bilər.
Bununla belə, tədqiqat qrupu bildirir ki, gələcəkdə robot onun mövqeyini və hərəkətini anında aşkarlaya bilən aktiv idarəetmə sistemləri ilə təchiz oluna bilər.
Hal-hazırda robotun işləməsi üçün güclü elektromaqnit sahəsi tələb olunsa da, ölçüsü 1 millimetrdən aşağı salındıqda daha zəif sahələrlə idarə oluna biləcəyi bildirilir.
Bu, radio dalğaları ilə idarə oluna bilən mikrorobotlara yol aça bilər.
Tədqiqat qrupu həmçinin qarışqalar kimi əməkdaşlıq edə bilən robot sürüləri üzərində işləyir. Bu robotlar bir zəncir yaradaraq təkbaşına edə bilməyəcəkləri işləri birlikdə yerinə yetirə bilirlər.
Komanda bu cür robotların tibb sahəsində, xüsusən də minimal invaziv əməliyyatlarda istifadə oluna biləcəyini düşünür.