Donald Tramp: Mask ağıllı və əla oğlandır

ABŞ prezidenti Donald Tramp aralarında insident yaşanmasına baxmayaraq, İlon Maskı bəyəndiyini deyib.
AFN.az xəbər verir ki, Amerika lideri "Fox News"a verdiyi müsahibədə əvvəllər Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik etmiş Mask haqqında danışaraq onun "əla oğlan" olduğunu bildirib: “Mən onunla çox danışmamışam. Amma mən hesab edirəm ki, İlon əla oğlandır. Bilirəm ki, o, hər zaman yaxşı olacaq. O, ağıllı oğlandır. Mənimlə kampaniya aparıb. Ancaq bir az əsəbiləşdi. Bu, yersiz idi”.
ABŞ prezidentinin fikrincə, Mask hazırkı administrasiyanın ABŞ-da elektriklə işləyən avtomobillərin yayılması üçün heç bir tədbir görməməsindən narazı olub. Qeyd edək ki, Maskın “Tesla” şirkəti elektromobillər istehsal edir.
“Bütün insanların elektromobil almasını məqsəd qoymuram”, – deyə Tramp əlavə edib. O izah edib ki, seçki kampaniyası zamanı da amerikalıların ənənəvi və ya elektrikli avtomobil almaq seçimlərinin olmasını dəstəklədiyini bildirmişdi.