Nazim Məcidov vəfat etdi
Akademiyadan Qaynarinfo-ya verilən məlumata görə, akademiyanın müəllimi 68 yaşında dünyasını dəyişib.
Məcidov Nazim Böyük-Ağa oğlu 1955-ci ildə Bakı şəhərində anadan olub.
1977-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1987-ci ildə isə Moskvada Lenin ordenli Mərkəzi Dövlət Bədən Tərbiyəsi İnstitutunun aspiranturasını müvəffəqiyyətlə bitirib.
1989-cu ildə Moskva şəhərində Bədən tərbiyəsi və idman sahəsində kadr hazırlığı elmi-tədqiqat istiqamətində namizədlik dissertasiyası müdafiə edərək pedaqoji elmlər namizədi (pedaqogika üzrə fəlsəfə doktoru) elmi dərəcəsi alıb.
1993-cü ildə SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə ona dosent elmi adı, 2009-cu ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona professor elmi adı verilib.
Uşaq yaşlarından cüdo ilə məşğul olan N. Məcidov sambo və cüdo üzrə dəfələrlə şəhər, respublika və ümumittifaq yarışlarının qalib və mükafatçısı olub. 1980-cı ildən SSRİ İdman Ustasıdır. Məşqçilik fəaliyyətindəki uğurları dövlət tərəfindən yüksək qiymətləndirilib, 2001-ci ildə ona "Fəxri Bədən Tərbiyəsi və İdman işçisi”, 2008-ci ildə Azərbaycan Respublikasının Əməkdar Məşqçisi fəxri adı, 2010-cu ildə isə Bədən tərbiyəsi və idman sahəsində kadr hazırlığındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar Müəllimi, 2021-ci ildə isə Azərbaycan Respublikasının Fəxri Bədən tərbiyəsi və idman Xadimi fəxri adları verilib.
Professor Nazim Məcidov 40 ildən artıq Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında çalışıb.
1979-1994-ci illərdə akademiyanın "Güləşmənin nəzəriyyəsi və metodikası” kafedrasında müəllim, baş müəlim, dosent vəzifəsində, 1994-2006-cı illərdə "İdmanın təkmübarizlik növləri” fakültəsinin dekanı, 2006-2016-cı illərdə Elmi işlər üzrə prorektor, 2016-cı ildən bugünədək "Bədən tərbiyəsi və idmanın nəzəriyyəsi və metodikası” kafedrasının müdiri vəzifəsində çalışıb.
Son illərdə akademiyada aparılan yenidənqurma işlərində fəal iştirak edib, "Onlayn Universitet” layihəsi çərçivəsində Akademiyada bütün kurslar üzrə imtahan-test suallarının hazırlanması komissiyasının və Azərbaycan Cüdo Federasiyasında məşqçilərin təkmilləşdirilməsi kurslarının rəhbəri olub.
100-dən çox elmi, elmi-metodiki əsərin, o cümlədən 1 monoqrafiya, 2 dərslik, 6 metodiki vəsait, 20 tədris proqramının və çoxlu sayda elmi məqalələrin müəllifidir.
Bununla yanaşı, bədən tərbiyəsi və idman sahəsində gənc elmi kadrların yetişdirilməsində də əməyi böyük olub. Onun elmi rəhbərliyi altında 47 tələbə magistr dissertasiyası müdafiə edib.