Almaniya Polşa və Çexiya ilə sərhədlərdə müvəqqəti yoxlamalar tətbiq edəcək
Almaniyanın daxili işlər naziri Nensi Faser sığınacaq axtaranların axınının qarşısını almaq üçün Almaniyanın Polşa və Çexiya ilə sərhədlərində müvəqqəti yoxlamalar elan edəcək.
"Bu seçilmiş sərhəd-keçid məntəqələrində müvəqqəti nəzarətlər yaxın günlərdə başlayacaq", - deyə nazir bildirib.
Alman məmurları artan sayda sığınacaq axtaranlara qarşı sərt tədbirlər görmək üçün artan təzyiqlərə məruz qalıblar, mühacirlərin çoxu hazırda Polşa və Çexiya sərhədlərini keçir. 2023-cü ilin ilk səkkiz ayında təxminən 204 min insan Almaniyadan sığınacaq istəyib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 77 faiz çoxdur.
Alman siyasətçiləri oktyabrın 8-də Bavariya və Hessendə keçiriləcək seçkilər ərəfəsində miqrasiya məsələləri ilə bağlı daha sərt çıxış etmək üçün xüsusi səy göstərirlər.
Almaniya kansleri Olaf Şolz həftə sonu Bavariyada keçirilən siyasi mitinqdə sərhəd böhranını rüşvət qarşılığında viza qalmaqalı ilə əlaqələndirib.
Şolz Nürnberqdəki izdiham qarşısında deyib: “Mən Polşanın sadəcə insanları buraxmasını və sonra sığınacaq siyasətimizi müzakirə etməsini istəmirəm”.
Polşanın sağçı Qanun və Ədalət (PiS) partiyasının üzvləri Şolsun sərhəd böhranının viza korrupsiya qalmaqalı ilə əlaqəli olması təklifinə qəzəblə reaksiya veriblər. Polşanın xarici işlər naziri Zbiqnev Rau Almaniya kanslerinin qarşılıqlı əlaqələrə xələl gətirən bəyanatlardan çəkinməsini istəyib.
Oktyabrın 15-də parlament seçkilərinin keçiriləcəyi Polşada sərhəd nəzarəti məsələsi xüsusilə həssas olacağını vəd edir. Seçkilər ərəfəsində PiS partiyasının üzvləri polşalı seçiciləri anti-alman ritorikası ilə sövq etməyə çalışıb və nasist Almaniyasının cinayətlərinə görə təzminat tələb ediblər.