Türkiyədəki zəlzələni ABŞ yaradıb? - İddialara cavab


Türkiyə və Suriyada baş verən zəlzələlərlə bağlı müxtəlif versiyalar gündəmə gəlib. Daha çox sosial şəbəkələrdə müzakirə olunan versiyalardan biri budur ki, zəlzələni fevralın 3-də İstanbulda lövbər salan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisi yaradıb. İddialar sırasında o da var ki, həmin gəmidə zəlzələ yaradan xüsusi texnologiya mövcud olub, onun köməyilə təkanlar yaradılıb.


Təbii ki, zəlzələ üzrə mütəxəssislər bu versiyanı rədd edirlər. Elm adamları bildirirlər ki, 7 bal gücündə zəlzələ yaratmaq üçün İkinci Dünya müharibəsində Yaponiyanın Hirosima şəhərinə atılan atom bombasından yüz minlərlə lazımdır. Yəni, Dünyada süni surətdə zəlzələ yaratmaq üçün enerji yoxdur. Zəlzələlər yerin yüz kilometrliklərlə dərin qatlarında baş verir.

Politoloq Elxan Şahinoğlu bu versiyalarla bağlı şərh verib. O qeyd edib ki, ABŞ dünyanın ən güclü dövləti sayılır. Ancaq dünyanın super dövləti belə, süni surətdə zəlzələ, sunami yarada bilməz: "Amerikanın belə bir gücü olsaydı, birinci Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyanı çökdürərdi. “Zəlzələ Amerikanın işidir” ittihamlarını səsləndirməkdənsə, zəlzələyə dözümlü binaların tikintisi və digər binaların möhkəmləndirilməsi barədə düşünülməlidir. Yaponiyada daha şiddətli zəlzələlər baş verir, ancaq binalar hasar görmür, çünki bu ölkədə zəlzələyə dözümlü texnologiyalardan istifadə olunur. Ancaq Yaponiya kimi ölkə də sunamiyə təslim oldu və sahildəki “Fukusima” atom elektrik stansiyası zərər gördü". Politoloq xatırladıb ki, Türkiyədə zəlzələnin baş verdiyi ərazidə Rusiya texnologiyası əsasında “Akkuyu” atom elektrik stansiyası inşa edilir. "Əsas məsələ bu stansiyasının şiddətli zəlzələyə və sunamiyə dözümlülüyünü təmin etməkdir" - deyə E.Şahinoğlu qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu