Riçard Murun Ermənistana səfəri ermənilərin "kürkünə birə salıb" - TƏFƏRRÜATLAR ERMƏNİ POLİTOLOQUN YAZISINDA!


Böyük Britaniyanın Məxfi Kəşfiyyat Xidmətinin (Mİ-6) rəhbəri Riçard Murun Ermənistana gözlənilmədən səfər etməsi və Baş nazir Nikol Paşinyanla apardığı gizli danışıqların məqsədi son günlər müzakirə olunan əsas mövzulardan birinə çevrilib. Görüşün təfərrüatları aydın olmasa da, Murun İrəvana səfərini zəruri edən səbəblər və gözlənilən nəticələri barədə daha çox eksert rəyləri üstünlük təçkil edir.


AFN.az-ın xəbərinə görə, erməni politoloq Hayk Xalatyan mətbuatda dərc etdiyi "Paşinyanla Mİ6-nın rəisi arasında danışıqlar: Azərbaycanın əsas investoru üçün Ermənistanın planları nədən ibarətdir?" başlıqlı məqalədə maraqlı fikirlər irəli sürüb. Xalatyan iddia edir ki, Mİ-6 rəhbərinin Ermənistana gəlişi Britaniyanın Cənubi Qafqazdakı iqtisadi və enerji maraqları ilə bağlıdır. Bu maraqlar isə Qarabağ məsələsinin Azərbaycanın xeyrinə həll olunmasını tələb edir: "Nəzərə alsaq ki, ATƏT-in Minsk Qrupuna BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü (ABŞ, Rusiya və Fransa) həmsədrlik edir, bu ölkə ya Azərbaycan və Türkiyə ilə sıx əlaqələri olan Böyük Britaniya, ya da Cənubi Qafqazdakı münaqişələrdən kənarda qalan Çin ola bilər. Yeri gəlmişkən, 44 günlük müharibə həm də Ermənistan hakimiyyətinin Azərbaycanın neft və qaz kəmərlərinə heç vaxt hücum etməməsi ilə yadda qalıb. Müharibə günlərində Hindistanın "WION2 telekanalına müsahibəsində Ermənistan prezidenti Armen Sarkisyan demişdi: “Burada heç kim neft tədarükü üçün təhlükə yaratmır. Yenə deyirəm, Dağlıq Qarabağ erməniləri qaz kəmərinə atəş açmaq istəsəydilər, bunu 20 il əvvəl, o çəkiləndə edərdilər. Əgər biz bunu o vaxt etsəydik, Azərbaycanın milyardlarla dollar qazanmasına imkan verməzdik. Onlar bunun sayəsində indi erməniləri güllələmək üçün istifadə olunan silahları alırlar. Biz bunu o vaxt etməmişdik, indi də etməyəcəyik. Hesab edirəm ki, beynəlxalq enerji bazarları bu məsələdən narahat olmamalıdır. Onlar qaz kəmərlərinə nəzarət edən Türkiyəni düşünməlidirlər”.
Böyük Britaniya ilə sıx əlaqədə olan Armen Sarkisyanın (o, uzun illər orada Ermənistanın səfiri olub, bizneslə məşğul olub, dünyanın ən böyük şirkətlərinə, xüsusən də British Petroleum-bp-yə məsləhətlər verib və kral ailəsi ilə yaxşı münasibətlər qurub) və ümumilikdə Ermənistan hakimiyyətinin (həmçinin bəzi qərbyönlü psevdo-müxalifətçilərin) müharibə günlərində Azərbaycanın strateji infrastrukturuna belə qəribə qayğısı başa düşüləndir. Azərbaycanda neft və qaz hasilatının və onun Avropaya ixracında əsas investorun kim olduğunu xatırlayırsınız. Bu, Britaniya bp-sidir (2001-ci ilə qədər British Petroleum). Məhz o, Azərbaycan iqtisadiyyatına ən böyük sərmayə qoyan investordur və Azərbaycanda iri enerji layihələrinin həyata keçirilməsinə rəhbərlik edir. Bp “Azəri-Çıraq-Günəşli” (AÇG) dəniz neft yataqları və “Şahdəniz” qaz kondensatı, Bakı-Tbilisi-Ceyhan neft və qaz kəmərlərində (boru kəmərinin operatoru), Cənubi Qafqaz boru kəmərində, həmçinin Cənub Qaz Dəhlizi konsorsiumunda 20% pay sahibidir.
Bu ilin iyununda keçirilən Bakı Enerji Forumu zamanı BP-nin dağ-mədən və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell bildirib ki, şirkət Azərbaycanda fəaliyyət göstərdiyi illər ərzində ölkə iqtisadiyyatına 84 milyard dollar sərmayə qoyub. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin may ayında Böyük Britaniyanın ixrac naziri Qrem Stüartla görüşündə demişdi: “BP 30 ildir bizim strateji tərəfdaşımızdır və ən azı 30 il də belə qalacaq, çünki yeni perspektivlər var, yeni müqavilələr imzalanıb”.
Məhz bp-nin investisiyaları sayəsində Böyük Britaniya həm ümumilikdə, həm də 2022-ci ildə Azərbaycan iqtisadiyyatına ən böyük sərmayə qoyan ölkədir. Belə ki, Böyük Britaniyanın bu ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına yatırdığı birbaşa investisiyalar 1,2 milyard dollar təşkil edib ki, bu da böyük fərqlə Türkiyəni (751,6 milyon dollar) və ofşor şirkətləri ilə Kipri ​​(618,4 milyon dollar) qabaqlayır. Yalnız dördüncü yerdə 377,6 milyon dollarla Rusiya yer alır.
Eyni zamanda, Laçın dəhlizinin Azərbaycan tərəfindən bağlanması ilə əlaqədar Qarabağ ətrafında vəziyyətin son gərginləşməsində belə, Britaniyanın izi var .Belə ki, “Civilnet” saytı araşdırma dərc edib və orada Britaniyanın “Anglo Asian Mining Company” şirkətinin azərbaycanlı ekoloqların çox narahat olduğu Qarabağ mədənlərinə iddia irəli sürdüyünü bildirib. Azərbaycan hakimiyyəti 3 milyard dollar müqabilində Ağdərədəki bir sıra mədənləri, o cümlədən Ermənistanın “Base Metal” şirkətinə məxsus Kaşen mis-molibden mədənini onun idarəçiliyinə verib. Həmin Britaniya şirkəti Azərbaycan hakimiyyətinin dəstəyi ilə Sotk mədənində (Kəlbəcər rayonundakı "Söyüdlü" qızıl yatağı-red.) qızıl hasilatına başlamalıdır. "Anglo Asian Mining"in səhmdarlarının tərkibi də maraqlıdır. Əsas səhmdarlar (9,3%) arasında Azərbaycan hakimiyyəti ilə yaxın əlaqələri olan və şirkətin səhmlərinin 28%-nə sahib olan İran əsilli Rza Vəziri ilə yanaşı, ABŞ prezidenti Corc Buşun aparat rəhbəri və Nyu-Hempşir ştatının keçmiş qubernatoru Con Sununu da var.
Bütün bunları nəzərə alaraq, Ermənistanın Baş nazirinin Britaniya kəşfiyyatının rəhbəri ilə nələri müzakirə edə biləcəyi maraq doğurur. Murun səfəri regional xarakter daşısa da, MKİ rəhbərinin iyul səfərində olduğu kimi, görüş haqqında məlumatı açıq şəkildə dərc etməyə yalnız rəsmi İrəvan qərar verib. Aydındır ki, London regional siyasətində həm enerji, həm də biznes maraqlarını nəzərə alaraq, anti-Rusiya siyasətinin tərkib hissəsi kimi Azərbaycana arxalanır. Britaniyanın Rusiyaya qarşı əsas rolun Polşa, Ukrayna və Türkiyəyə həvalə olunduğu yeni "sanitar kordon"u yaratmaq cəhdi barədə mətbuatda mütəmadi olaraq məlumatlar dərc olunur. Ona görə də ingilislər Cənubi Qafqaz və Mərkəzi Asiyada gedən geosiyasi mübarizədə Türkiyə və Azərbaycanı dəstəkləyir. Bunu nəzərə alaraq, ingilislər Ermənistanın maraqlarını irəli sürmək üçün Azərbaycana yatırdıqları çoxmilyardlı sərmayələri və özlərinin regiondakı siyasi planlarını riskə atmayacaqlar. London indi Rusiyanın (və İranın da) regionda təsirini minimuma endirmək üçün Qarabağ məsələsini (təbii ki, Azərbaycan və Türkiyənin maraqlarına uyğun) bağlamağa çalışacaq. Böyük Britaniya və şəxsən Murun bu “hissə”yə marağı başa düşüləndir və Paşinyanın orada iştirak edib-etməyəcəyi tezliklə bəlli olacaq.
Hələlik yalnız bir şeyi dəqiq demək olar - London tərəfində Rusiya və İranın maraqlarına qarşı oynamaq Ermənistan üçün yaxşı heç nə vəd etmir. Bu çətin ki, ölkənin təhlükəsizliyini gücləndirsin və ya Qarabağın ermənilərə qalmasına kömək etsin".

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu